Gələcəyə baxış

Azərbaycan İnvestisiya Holdinqi

2020-ci il avqustun 7-də Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərman imzalayıb. Holdinq dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə təsis edilib.

Prezident İlham Əliyevin 12 fevral 2021-ci il tarixli sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Dövlət başçısının 30 mart 2021-ci il tarixli sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

ADY QSC-nin martın 31-də keçirilən kollegiya iclasında çıxış edən Cəmiyyətin İdarə Heyətinin sədri Cavid Qurbanov qeyd edib ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ölkəmizdə həyata keçirilən davamlı struktur islahatlarının iqtisadiyyatın səmərəliliyinin daha da artırılmasına töhfə verəcək. Cəmiyyət sədri dövlət müəssisələrinin fəaliyyətində, eləcə də dəmir yolu sektorunun inkişafı və səmərəliliyin yüksəldilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıb. ADY QSC-nin də Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildiyini deyən Cavid Qurbanov vurğulayıb ki, bütün bu addımlar dövlət şirkətlərinin və müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir. Bu qərarlar həyata keçirilən investisiya proqramlarının iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlığının yaxşılaşdırılmasına təsirini göstərəcək.

Müşahidə Şurasının ilk iclası 9 aprel tarixində keçirilib. Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, ADY QSC-nin idarə heyətinin sədri Cavid Qurbanov və digər üzvləri iştirak ediblər.

İslahatlara dəstək layihəsi

2016-cı ilin sonundan etibarən Asiya İnkişaf Bankının (AİB) texniki dəstəyi, o cümlədən ADY QSC-nin vəsaitləri hesabına Azərbaycanın dəmir yolu sistemində korporativ, institusional, maliyyə və insan resursları sahəsində islahatların həyata keçirilməsini nəzərdə tutan Dəmir Yolu Sektorunun İnkişafı Proqramı işlənib hazırlanıb. Bu islahatların uğurla həyata keçirilməsi nəticəsində 2022-ci ilə qədər Azərbaycanda dəmir yolu nəqliyyatında xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, həmçinin fəaliyyət istiqaməti üzrə əməliyyatların maliyyə dayanıqlığının artırılması planlaşdırılır. Bu proqram çərçivəsində ADY QSC-nin beşillik biznes-plan hazırlanıb.

Azərbaycan Dəmir Yollarının 2030-cu ilə qədər strategiyası

“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Koporativ Strategiya”sının hazırlanması məqsədi ilə 2020-ci il mayın 21-də dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə müqavilə imzalanıb, sənədin işlənilməsinə start verilib.

ADY QSC-nin Müşahidə Şurasının 27 iyun iclası çərçivəsində qurumun “2030 Korporativ Strategiya”sının müzakirəsi aparılıb. İclasda çıxış edən ADY QSC Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev dəmir yollarının inkişaf strategiyasında qənaət, xidmət keyfiyyətinin artırılması və mənfi ekoloji təsirin azaldılması kimi 3 mühüm amilin nəzərə alınmasının vacibliyini qeyd edib.

Nazir strategiyada əksini tapacaq investisiya qoyuluşu, rəqəmsal transformasiya, insan resursları sahəsində idarəetmənin təkmilləşdirilməsi, eləcə də dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası və digər məsələlərlə bağlı rəy və təkliflərini bildirib.

Rəşad Nəbiyev strategiyanın oxşar coğrafiyada fəaliyyət göstərən müvafiq dəmir yolu şirkətlərinin təklif etdiyi xidmətlərin strukturlaşdırılması təcrübəsindən yararlanmaqla yanaşı, qurumun gələcək maliyyə dayanıqlığı və dövlət sərmayələrinin səmərəli şəkildə geri qaytarılmasının təmin edilməsi nəzərə alınmaqla hazırlanmalı olduğunun vacibliyini vurğulayıb.