Qayıtmaq

Qurbanov Cavid Qənbər oğlu

Qurbanov Cavid Qənbər oğlu

1958-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Azərbaycan Mühəndis İnşaat İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Texniki elmlər namizədidir.

1975-1993-cü illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsi, 26 Bakı komissarı adına mətbəə, “Azərdövlət” Layihə İnstitutu, “Azərnəqliyyattikinti” Tresti, “Elektromexanikləşdirmə” Trestində müxtəlif vəzifələrdə çalışmışdır.

1992-1993-cü illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Respublika İxtisaslaşdırılmış İstehsalat Avtomobil Nəqliyyat Birliyinin baş direktoru,  1993-1994-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti, 1995-ci ildə “Avtoərzaqnəqliyyat” Birliyinin baş direktoru vəzifələrində çalışmışdır.

1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı bölməsinin Təchizat şöbəsinin rəisi, 1997-1999-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin “Azərdəmiryoltikinti” trestinin rəisi, “Azərdəmiryoltikintiservis” İstehsalat Birliyinin rəisi, 2000-2003-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin müavini və “Azərdəmiryolservis” İstehsalat Birliyinin rəisi vəzifələrində çalışmışdır.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2007-2015-ci illərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir.

“Şöhrət” ordeni, “Əməkdar mühəndis” fəxri adı, Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalı, Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalı, “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı, “Fəxri dəmiryolçu” döş nişanı, Gürcüstanın “Şərəf” ordeni və Qazaxıstan Respublikasının “Dostluq” ordeni ilə təltif edilmişdir.

Beynəlxalq Nəqliyyat Akademiyasının və Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvüdür.

123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvü olmuşdur.

Ailəlidir, iki övladı var.