12 May 2016

15-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (TransCaspian 2016) keçirilir

 15-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi  (TransCaspian 2016) keçirilir

11-13 may 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisi (TransCaspian 2016) sərgisi keçirilir.

Bu il özünün 15 illik yubileyini qeyd edən TransCaspian sərgisi keçirildiyi illər ərzində regionda nəqliyyat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayişinə, yeni nümayəndəliklərin açılmasına və birgə müəssisələrin təsis olunmasına kömək edən mühüm nəqliyyat forumuna çevrilmişdir. Ənənəvi olaraq, bu sənaye sahəsi üçün TransCaspian sərgisi nəqliyyat bazarı haqqında düzgün təsəvvür yaradan ilin əsas hadisəsi sayılır. 15 il ərzində TransCaspian sərgisində təxminən 700 şirkət iştirak etmişdir.

Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. TransCaspian 2016 sərgisinin təşkilatçıları qismində isə “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Bu il sərgidə nəqliyyat sənayesinin nailiyyətləri, eləcə də yerli və xarici şirkətlərin ən yaxşı texnologiya və avadanlıqları təqdim olunmuşdur. Yubiley sərginin sektorları arasında Hərəkət heyəti və dəmir yol infrastrukturu, dənizçilik sənayesi, aviasiya, kommersiya nəqliyyatı və nəqliyyat-loqistika xidmətləri kimi sektorları qeyd etmək olar. Ənənəvi olaraq, sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası kimi dövlət nəqliyyat strukturları da iştirak edirlər.

Hal-hazırda, Azərbaycanın Avropa ilə Asiya arasında əsas əlaqələndirici bölgəyə çevrilməsinə kömək edən “Şimal-Cənub”, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu”, multimodal “Vikinq” layihəsi və “Bakı-Tbilisi-Qars” kimi irimiqyaslı nəqliyyat layihələri yüksək templərlə həyata keçirilir. Bu cür perspektivlər sərginin aktuallığını artırmaqla yanaşı, istər xarici, istərsə də yerli nəqliyyat şirkətlərinin tədbirə daha yaxından maraq göstərmələrinə kömək edir. TransCaspian-2016 sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin dövlət nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüş, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli dövlət infrastruktur layihələri ilə yaxından tanışlıq, məhsulların satışı üçün yeni bazarların müəyyənləşdirilməsi və təcrübə mübadiləsi baxımından unikal imkan yaradır.

Sərgidə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və “ADY Express” operator şirkətinin pavilyonlarında nümayiş olunan yeniliklər ziyarətçilər tərəfindən maraqla qarşılanır.