Almaniyanın paytaxtı Berlində təşkil edilən “InnoTrans” beynəlxalq sərgisinin ikinci günündə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə, Rumıniya, Litva və Polşa dəmiryol administrasiyalarının, eləcə də Almaniyanın “DB Cargo”, İsveçrənin “Stadler Rail” və Yaponiyanın “Hitachi” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşlərin əsas mövzusu son dövrdə Orta Dəhlizlə tranzit daşımaların artım dinamikası, müştərilərə təqdim olunan rəqəmsal həllər, modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin Şərq-Qərb dəhlizi üzrə yükdaşımalara gətirdiyi əlavə dəyər və xidmətlər olub.
Həmçinin 19-20 sentyabr tarixlərində Bakıda məşvərət toplantısı keçirilmiş Avrasiya Nəqliyyat Marşrutu üzrə Beynəlxalq Assosiasiyanın yaradılmasının əhəmiyyəti və bu marşrutun Orta Dəhlizlə yükdaşıma istiqamətlərinin şaxələndirilməsində mühüm rolu müzakirə olunub.
ADY rəhbərliyi sözügedən şirkətlərin “InnoTrans” sərgisindəki pavilyonlarına da baş çəkib, dəmir yolu sahəsində tətbiq olunan ən son texnologiyalarla tanış olub.
Qeyd edək ki, ADY 24-27 sentyabr tarixlərində Berlində keçirilən “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur.
İki ildən bir təşkil olunan, 100 mindən çox iştirakçısı olan “InnoTrans” tədbiri ictimai nəqliyyat, o cümlədən dəmiryol nəqliyyatı vasitələri və texnikalarının nümayiş etdirildiyi ən iri beynəlxalq sərgilərdən biridir.
“InnoTrans 2024”ün əsas mövzuları nəqliyyat sektorunda rəqəmsallaşma, dayanıqlı inkişaf və süni intellektə əsaslanan rəqəmsal həllərdir. Budəfəki sərgidə 59 ölkədən 2940 şirkət, eləcə də 32 beynəlxalq təşkilat təmsil olunur.
ADY nümayəndə heyətinin sərgidə iştirakda məqsədi dünyanın qabaqcıl nəqliyyat şirkətlərinin ən son innovativ məhsulları, rəqəmsal həllərlə tanış olmaq və xarici dəmiryol administrasiyalarının nümayəndələri ilə müzakirələr aparmaqdır.