22 Mart 2016

Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Dədə Şəmşirin oğlu Qənbər Qurbanov, professorlar Şirindil Alışanov, Şahlar Əsgərov, Kamran Həsənov, Filologiya elimləri üzrə fəlsəfə dokturu, şair Adil Cəmil və Aşıq Şəmşir yaradıcılığının araşdırılması ilə məşğul olan alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk önçə Dədə Şəmşirin 1957-ci ildə lenta alınmış saz havalarını dinləmişlər.

Azərbaycan Aşıqlar birliyinin sədri professor Məhərrəm Qasımlı dövlətimizin aşıq sənətinə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki bu sıradan da Aşıq Şəmşirin də yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Məhz ümummilli lider Heydər Əliyev Dədə Şəmşirin sənətinə yüksək qiymət verərək 2003-cü ildə Əməkdar incəsənət xadimi, “Şərəf” ordenli Aşıq Şəmşirin anadan olmasının 110 illiyinin ölkə miqyasında qeyd edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Həmçinin, sərəncama əsasən, Göygöl rayonundakı yeddiillik musiqi məktəbinə Aşıq Şəmşirin adı verilərək büstü ucaldılmışdır. Aşıq Şəmşirin barmaqlarının saz çalan yüzlərlə aşığın barmaqlarından seçildiyini söyləmişdir.. Qeyd olunmuşdur ki,  musiqişünas Əminə Eldarova Dədə Şəmşirin irsinin qorunması və təbliği sahəsində ən böyük işi görərək ustad sənətkarın ifasında 1957-ci ildə 75 aşıq havasını lentə köçürüb. Bu gün də bu saz havaları lentə köçürülür və yaxın gələcəkdə saz-söz adamlarına təqdim ediləcək. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyadan kecməsi aşıq sənətinin uğuru kimi dəyərləndiririk. “Aşıq Şəmşir” Mədəniyyət Ocağının UNESCO-da məsləhətçi statusu qazanması UNESCO ilə dünyada mədəni irsin qorunması istiqamətində sıx əməkdaşlıq etməsinə əsas verəcək.

Dədə Şəmşirin oğlu Qənbər Qurbanov qeyd etmişdir ki, bu gün dünyanın irsi sayılan və Heydər Əliyev Fondunun təşəbbüsü ilə YUNESKO tərəfindən qorunan aşıq sənətinə dövlətimizin yüksək qayğısı və diqqəti var. Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəklili Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu günə qədər Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, tar ifaçılıq sənəti və digər mədəniyyət nümunələri YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyadan keçməsi bizə imkan verəcək ki, işğal altında olan ərazilərimizdə dağıdılmış mədəni irs və abidələrimiz haqqında məlumatları dünya ictimaiyyətinə çatdıraq, Azərbaycanın haqlı mövqeyini UNESCO tərəfindən təşkil edilən beynəlxalq forumlarda müdafiə edək və Azərbaycan mədəniyyətini dünyada layiqincə təmsil edək.

Filologiya elimləri üzrə fəlsəfə doktoru Adil Cəmil qeyd etmişdir ki, Aşıq Şəmşir 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Söz -sənət tariximizdə Ağdabanlı Qurban adı ilə qalan bu ustad aşıq və tanınmış el şairi aşıq Ələsgərin müasiri olmuş, onların yaxın ünsiyyıtindən, dostluq əlaqələrindən bir sıra deyişmələri yadigar qalmışdır.Aşıq Ələsgər və Ağdabanlı Qurban dövründə Kəlbəcər-Göyçə ədəbi mühitinin eyni ənənələr üzərində formalaşması, saz və söz sənətinin coğrafi hüdudsuzluğu ərazi etibarı ilə yaxın olan bu qonşu ellərin mənən də yaxın olmasına təbii şərait yaratmışdır. Belə bir mühitdə daxili dünyasını tapan Dədə Şəmşir verilmiş ilahi vəhyini bu ustadların və uluların təsiri ilə cilalanmış, çox keçmədən el yığıncaqlarında müstəqil məclislər aparan istedadlı saz şairinə çevrilmiş və dədəlik mərtəbəsinə qədər ucalmışdır. Əslində, Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşir aşıq-ozan sənətinin yeni havalar və havacatlar,qoşqular və düzgülər üzərində inkişafına məxsusi töhfələrini verərkən ədəbi-hüquqi varislik haqqını itirməmişdir.

Professor Şahlar Əsgərov bildirmişdir ki, Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.

Daha sonra professorlar Şirindil Alışanlı, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu, əməkdar elm xadimi Kamran Əliyev, tətqiqatçı Sənubər Bağırova, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri  İradə Köçərli, şairlər Oqtay Rza və Yusif Hüseyn, Aşıq Şəmşir irsinin araşdırıcısı Səbinə İsmayılova çıxış edərək Aşıq Şəmşir irsinin özəlliklərindən danışmışlar.

Sonda Aşıq İlham Astanbəylinin və Ədalət Dəlidağlının ifasında Dədə Şəmşirə həsr olunmuş mahnılar oxunmuşdur.

Həbib MİSİROV

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini