27 May 2016

Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər olan 8,3 km yolda işlər sürətləndirilir

 Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər olan 8,3 km yolda işlər sürətləndirilir

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması istiqamətində mühüm addımların atılması,  Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində  mühüm rol oynayacaq.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır.

Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhəddində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulmuş, 1 mart 2016-cı ildən Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda  yeni dəmir yolu xəttinin tikintisinə start verilmişdir.

Aradan keçən qısa zaman ərzində Astara çayı üzərində tikiləcək  dəmir yolu körpüsün aşırımında 8 ədəd 32 metr dərinliyində özül qoyulmuşdur.

Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda dəmir yolu xəttinin  5 kilometrində torpaq yatağının işlənməsi başa çatdırılacaqdır. Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub.  Bu günə kimi 33970 kub-metr qum, 26000 kub-metr qaya daşı, 172732 kub-metr çınqıl döşənib, 4388 köhnə dəmir-beton məmulatı döşənib.

Ərazidə çirkab sularının axıdılması üçün 14 ədəd suötürücü qurğu tikilməlidir. Bunun 4 ədədi artıq hazırdır. Eyni zamanda dəmir yolu xəttinin çəkildiyi ərazıyə düşən elektrik və qaz xətlərinin köçürülməsi davam etdirilir. Bu işlər yaxın üç ay ərzində başa çatacaq. Bu ərazıyə düşən evlərin köçürülməsi prosesinə yaxın vaxtlarda başlanacaq.

Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz «Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında» Saziş»ə  qoşulmuşdur.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır.