25 Oktyabr 2019

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri İranın yol və şəhərsalma naziri ilə görüşüb - VİDEO

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri İranın yol və şəhərsalma naziri ilə görüşüb - VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC-də İranın yol və şəhərsalma naziri Məhəmməd İslaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqlar əvvəlcə Bakı Dəmir Yolu Vağzalı ilə tanış olublar. "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov məlumat verib ki, Bakı Dəmir Yolu Vağzalının binası 1884-cü ildə Mavritaniya üslubunda inşa olunub, 1926-cı ildə isə rekonstruksiya edilib. 1977-ci ildə dəmir yolunun Bakı sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal binası Cənubi Qafqazda eyni tipdən olan obyektlərin ən böyüyü idi.

Sonralar dəmir yolu vağzalının yüksək standartlara və müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yarandı. Bu məqsədlə 2015-ci ilin martında burada əsaslı təmir və yenidənqurma işlərinə start verilib. Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulub, binanın daxilində əsaslı təmir işləri görülüb. Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Yüklər, sərnişin və əlillər üçün liftlər quraşdırılıb. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradılıb, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları, eləcə də 2 saylı “ASAN kommunal” vətəndaşların istifadəsinə verilib. Bu mərkəz qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən bütün sərnişinlərə xidmət göstərir.

Qonaqlar Bakı-Sumqayıt-Bakı marşutu ilə hərəkət edən, İsveçrənin “Stadler Rail Group” şirkəti istehsalı olan KİSS markalı ikimərtəbəli qatarlarla tanış olublar. “Azərbaycan Dəmir yolları” QSC-nin sədri Cavid Qurbanov qatarların texniki üstünlükləri ilə bağlı göstəriciləri diqqətə çatdırıb.

Qonaqlar Bakı Dəmir Yolu Vağzalında görülən işləri yüksək qiymətləndiriblər.

Bakı Dəmir Yolu Vağzalı ilə tanışlıqdan sonra “Azərbaycan Dəmir yolları” QSC-nin inzibati binasında təşkil olunan görüşdə qonaqlara Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verilib. Cəmiyyətin sədri Cavid Qurbanov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətindən danışaraq bildirib ki, bu dəhliz yalnız İran, Azərbaycan və Rusiyanın deyil, həmin marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq.

Sonra ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Rəşt-Astara dəmir yolunun icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Bildirilib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirib. Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolu çəkilib və Astara çayı üzərindəki dəmir yolu körpüsü tikilib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir. 2018-ci ilin mart ayında Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazası və yük terminalı istismara verilib və eyni zamanda taxıl terminalının təməli qoyulub. Bu ilmartın 6-da isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin açılışı olub. Yaxın gələcəkdə Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti də tikilib istifadəyə veriləcək. Bütün bunlar hər iki ölkənin nəqliyyat-tranzit və iqtisadi-ticarət potensialını gücləndirəcək.

İranın yol və şəhərsalma naziri Məhəmməd İslami nəqliyyat dəhlizlərinin fəaliyyətinin gücləndirilməsinin mühüm vəzifələrdən biri olduğunu bildirib. Bu sahədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti xüsusi vurğulanıb.