26 May 2021

Azərbaycan və Qazaxıstan dəmir yolları arasında əməkdaşlığın strateji istiqamətləri müzakirə edilib

Azərbaycan və Qazaxıstan dəmir yolları arasında əməkdaşlığın strateji istiqamətləri müzakirə edilib

          “Azərbaycan Dəmir Yolları” QSC-də “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev ilə görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları və iki ölkənin dəmir yolu qurumları arasında əlaqələrin əhəmiyyəti barədə danışıb. Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsindəki fəal rolunu qeyd edən Cəmiyyət sədri bildirib ki, həmin marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının  artırılmasına təkan verir. Görüş zamanı yüklərin daşınması sahəsində birgə fəaliyyətin nəticələri, həmçinin tərəfdaşlığın uzunmüddətli perspektivləri istiqamətində atılacaq addımlar müzakirə edilib. Tərəflər Qazaxıstan və Azərbaycan dəmir yollarındakı tranzit yük daşınması seqmentində həcmlərin müsbət dinamikasını vurğulayıblar.

           Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə yükdaşımalar əsasən Çin və Qazaxıstandan, Gürcüstan, Türkiyə, Avropa və əks istiqamətdə həyata keçirilir. 2021-ci ilin ilk 4 ayı ərzində Azəabaycan ərazisindən tranzit rejimdə konteyner daşımaları 2020-ci ilin müvafiq dövrünə nisbətən 49 faiz artıb. Artım əsasən Çinin idxal və ixrac əməliyatlarının payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 4,3 min TEU (İyirmi futluq ekvivalent) həcminə çatıb.

        2019-cu ildə istifadəyə verilmiş Aktau limanı - Bakı (Ələt) limanı - Bakı limanı marşrutu üzrə fider xətti müntəzəm inkişaf etdirilir. 2021-ci ilin yanvar-aprel ayları ərzində 5 mindən çox TEU nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

        Müzakirələr zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal yükdaşımaların həcminin artırılması məqsədi ilə sənəd dövriyəsinin elektronlaşdırılması (rəqəmsallaşdırılması) məsələlərinə də toxunulub. 

          “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev rəhbərlik etdiyi qurumun beynəlxalq nəqliyyat layihələri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığını yüksək qiymətləndirib. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna olan tələbatı, eləcə də bu marşrut üzrə daşımaların səmərəliliyini diqqətə çatdırıb.

          Birgə fəaliyyət perspektivlərindən danışan görüş iştirakçıları Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun potensialından tam istifadə olunması məqsədi ilə layihənin 2025-ci ilədək İnkişaf Strategiyasının qəbul edilməsinin vacibliyini bildiriblər. Görüşdə yükdaşımaların həcminin artırılması üçün marşrut üzrə sənəd dövriyyəsinin rəqəmsallaşdırılması barədə razılığa gəlinib.

          Tərəflər Azərbaycan, Qazaxıstan, Çin, Gürcüstan, Türkiyə və Avropa ölkələrini birləşdirən beynəlxalq dəhliz çərçivəsində iki ölkə arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar.