11 Fevral 2022

Azərbaycan və Rusiya dəmir yolları arasında bir sıra mühüm məsələlər müzakirə olunub

Azərbaycan və Rusiya dəmir yolları arasında bir sıra mühüm  məsələlər müzakirə olunub

“Azərbaycan Dəmir Yolları” QSC-də “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlovla görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışıb, çəkilən yeni dəmir yolu xətləri haqqında ətraflı məlumat verib. Cəmiyyət sədri nəqliyyat və logistika sahəsində əməkdaşlıq, xüsusilə ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsinə yeni imkanlar açıldığını vurğulayıb.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Bakı-Dərbənd dəmir yolu xəttinin elektrikləşdirilməsi, Bakı-Yalama xəttinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üzrə işlərin maliyyələşdirilməsi və bu xətdə işlərin tamamlanma müddətləri ilə bağlı müzakirələr olub.  Bu istiqamətdə Rusiya və Azərbaycan tərəflərində işlərin sinxronlaşdırılması, habelə işlərin cari gedişi, qəbul edilən texnoloji həllər barədə qarşılıqlı məlumatlandırılma qaydalarına baxılıb.

“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov Azərbaycan Dəmir Yollarında görülən işləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. O, yükdaşıma sahəsində əməkdaşlığın daha da genişləndiriləcəyini, yeni yüklərin cəlb olunması ilə bağlı imkanların bundan sonra da artırılacağını qeyd edib.