11 İyul 2016

Bakı sərnişin-stansiyasında təmir işləri sürətləndirilir

Bakı sərnişin-stansiyasında təmir işləri sürətləndirilir

“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-sərnişin stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Qeyd edək ki, paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin sərnişin stansiyasının yüksək səviyyədə, müasir dövrün  tələblərinə cavab verməsi üçün burada  yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranmışdır. 2015-ci ilin mart ayında  əsaslı təmir işlərinə start verilmişdir.

Vağzalın  əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcəkdir. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. 

Hazırda stansiyada tunellərin və beşinci platformanın tikintisi davam edir. Sürətlə davam edən əsaslı təmir işlərinin 2016-ci ilin sonunda başa çatması nəzərdə tutulur.

 “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov təmir-tikinti işlərinə baxış keçirəndən sonra öz tapşırıq və tövsiyələrini vermişdir.

Məlumat üçün deyək ki, XIX əsrin memarlıq abidələrindən olan  Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilmişdir. 

Vağzal  binasının  mavritaniya üslubunda təqdim olunan ilk  layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olmuş, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq etmişidir.

Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir.

1977-ci ildə Bakı-sərnişin stansiyasında yeni vağzal binası tikilmişdir. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü idi.