26 Noyabr 2015

BAKI SƏRNİŞİNVAĞZALI YENİDƏN QURULUR

 BAKI SƏRNİŞİNVAĞZALI YENİDƏN QURULUR

Azərbaycan Respublikasında həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın davamlı inkişafı üçün şərait yaratmışdır. Bu da, paytaxtımıza xarici ölkələrdən gələn vətəndaşların günbəgün artmasına səbəb olmuşdur.

Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin dəmir yolu vağzalının yüksək səviyyədə, müasir dövrün  tələblərinə cavab verməsi üçün burada  yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranmışdır. Bu məqsədlə cari ilin mart ayında Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib.  Vağzalın  əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri həyata keçirilir. Bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı,  sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar və liftlər yenisi ilə əvəzlənəcək. Sərnişinlər Wi-Fi sistemindən istifadə edə biləcəklər.

Təmir işləri davam edir. Hazırda vağzal binasının fasadının üzlənməsi həyata keçirilir.

Əsaslı təmir işlərinin 2016-ci ilin ikinci yarısındabaşa çatması nəzərdə tutulur.

Məlumat üçün deyək ki, XIX əsrin memarlıq abidələrindən olan  Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilmişdir.  

Vağzal  binasının  mavritaniya üslubunda təqdim olunan ilk  layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olmuş, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq etmişidir.

Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir.

1977-ci ildə Bakı-sərnişin stansiyasında 10 min sərnişinlik yeni vağzal binası tikilmişdir. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü idi.