11 İyun 2016

Bakıda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində görülən işlər müzakirə olunub

Bakıda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində görülən işlər müzakirə olunub

10 iyun 2016-cı ildə Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İran İslam Respublikasının yol və şəhərsalma nazirinin  müavini və İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin icraçı direktoru Əli Nurzadın başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilmişdir.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində 20 aprel 2016-cı ildə Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimindən sonrakı vəziyyət, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda  yeni dəmir yolu xəttinin tikintisi eyni zamanda İran tərəfdə görülən işlər   müzakirə olunmuşdur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov iclasda çıxış edərək bildirmişdir ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin  ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri etmişdir.  Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəmcma uyğun olaraq işlər davam etdirilir.

İran İslam Respublikasının Yol və Şəhərsalma nazirinin  müavini və İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin icraçı direktoru Əli Nurzadın çıxış edərəkŞimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini bildirdi.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınməşdır.