1 İyun 2016

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının 5-ci Beynəlxalq Gənclər Forumu keçirilir

 Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının 5-ci Beynəlxalq Gənclər Forumu keçirilir

Mayın 31-dən iyunun 3-dək Azərbaycan dəmiryolçularının MHİRK-in Nabrandakı «Lokomotiv» İstirahət Mərkəzi MMC-də Dəmiryolçuların və nəqliyyat inşaatçılarının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının 5-ci Beynəlxalq Gənclər Forumu keçirilir. Forumun işində MDB və Baltikyanı ölkələrin dəmiryolçularının 9 həmkarlar ittifaqından gənc 60 nümayəndələr iştirak edir.

Forum iştirakçıları bir gün Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qymuşlar. Sonra görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarını ziyarət etmiş,  məzarı önünə gül-çiçək dəstələri düzmüşlər.

Tədbir iştirakçıları Şəhidlər Xiyabanında torpaqlarımızın müqəddəsliyi uğrunda canından keçən şəhidlərimizin məzarını ziyarət etmişlər.

Tədbiri giriş sözü ilə açan MHİRK-in sədri Fəzail Bağırov Forumun əhəmiyyətini vurğulayaraq, iştirakçılara uğurlar arzulamışdır.F. Bağırov çıxışına davam edərək bildirmişdir ki, son vaxtlar Azərbaycan Dəmir Yolunun həyatında bir canlanma hiss olunur. Hörmətli Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni mərhələ başlayıb. Dəmir yolunda aparılan islahatlar, «Bakı-Tbilisi-Qars» və «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizlərinin reallaşması istiqamətində işlərin sürətləndirilməsi, Astara çayı üzərində yeni dəmir yolu körpüsünün təməlinin qoyulması və xüsusilə gənc kadrların mühüm vəzifələrə təyin olunması görülən işlərin tam siyahısı deyil. Bütün bu işlərdə MHİRK Cəmiyyət rəhbərliyi ilə əlbir fəaliyyət göstərir.

Forumda çıxış edən Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının Baş katibi Gennadi Kosolapov tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə Cəmiyyət və  MHİRK rəhbərliyinə minnətdarlığını bildirdi. Daha sonra Gennadi Kosolapovun «Dəmiryolçuların sahə həmkarlar ittifaqları hərəkatının vəziyyəti və gənclər siyasəti» mövzusunda məruzəsi dinlənildi. 

İştirakçılar IV forumun qərarlarının yerinə yetirilməsi, həmkarlar ittifaqlarında gənclərlə işin təşkili, Gənclər və həmkarlar ittifaqları, həmkarlar ittifaqlarına üzvlüyə qəbul zamanı müasir texnologiyaların tətbiqi; Mən həmkarlar lideriyəm, gənc kadrların istehsalata uyğunlaşması; Stress menecment, həmçinin əyani tədris vasitələrinin köməyi ilə həmkarlar ittifaqlarının işində gənclər siyasəti işinin təhlili kimi məsələlər ətrafında müzakirələr aparacaqlar. Sonda forum iştirakçılarına sertifikatlar təqdim olunacaq.

Tədbir çərçivəsində idman yarışlarının, milli mədəniyyət axşamlarının keçirilməsi planlaşdırılır. Həmçinin Bakının tarixi və görməli yerlərinə ekskursiyalar da təşkil ediləcəkdir.