25 Yanvar 2016

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə hərəkət edən ilk konteyner qatarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qarşılanma mərasimi keçirilmişdir

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə hərəkət edən  ilk konteyner qatarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qarşılanma mərasimi keçirilmişdir

Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Çin Xalq respublikalarının dəmir yolu təşkilatlarının birgə təşəbbüsü ilə ilk dəfə Çin Xalq Respublikası, Qazaxıstan Respublikasıs və Azərbaycan Respublikasının ərazilərindən keçəcək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə (4768 km, o cümlədən 4258 km dəmir yolu, 510 km dəniz məsafəsi) marşrutu ilə hərəkət edən sınaq konteyner qatarı Çin Xalq Respublkasının Şixezi şəhərindən 28 iyul 2015-ci il tarixində çıxmışdır.

Qatar avqust ayının 3-də səhər saat 10-00 radələrində Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatmışdır.

İlk «Nomad ekspress» sınaq konteyner qatarının qarşılanma mərasimində Azərbaycan Respublikasının Baş nazirinin müavini Abid Şərifov, Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini Arif Əsgərov, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar  Cəmiyyətinin sədri Cavid Qurbanov, «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı»nın baş direktoru Taleh Ziyadov, «Qazaxıstan Dəmir Yolu» Səhmdar Cəmiyyətinin Prezidenti Askar Mamin, «Gürcüstan Dəmir Yolları» Səhmdar Cəmiyyətinin baş direktoru Mamuka Bakhtadze çixiş edərək Transxəzər marşrutunun əhəmiyyətindən danışmışlar.

Qeyd olunan konteyner qatarının gəlişi dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq, «Qazaxıstan temir jolı» SC, «Çin Dəmir Yolları» (ÇSR) «Azərbaycan Dəmir Yolları» QSC və «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı  ilə birgə həyata keçirilir.

Sözügedən qatar 82 ədəd 20 tonluq konteyner daşıyır və daşınan yük kaustik sodadır. Bu təyinatlı yüklər alternativ marşrutlarla əvvəllər 25-40 gün müddətində Bəndər-Abbas və Poti limanları vasitəsilə daşınırdı. Yeni Transxəzər Nəqliyyat Marşrutu üzrə yüklərin daşıma müddəti Çindən Ələt  limanına qədər təqribən 6 gün təşkil edəcəkdir.

Bu layihə çərçıvəsində cari ilin sentyabr ayında ikinci konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə  marşrutu üzrə göndərilməsi nəzərdə tutulur. 

Sözügedən tədbirlə Çin, Qazaxıstan, Gürcüstan, Türkiyə respublikalarının Azərbaycandakı səfirləri,  Aktau və Batumi limanlarının rəisləri də iştirak edirdilər.

Layihə çərçivəsində Tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, həmçinin yükdaşıma həcminin artırılması məqsədilə rəqabətə davamlı vahid dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının  tətbiqi nəzərdə tutulur.  Bu marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (BTNM) rəqabət gücünün artırılmasına təkan verəcəkdir. Eyni zamanda BTNM marşrutu Avropa ölkələrindən olan yükgöndərənlər üçün də cəlbedici və sərfəli  olmaq imkanlarına malikdir.