16 May 2016

Biləcəri dəmir yolu mülki müdafiə qovşağında kompleks mülki müdafiə təlimi keçirilmişdir

 Biləcəri dəmir yolu mülki müdafiə qovşağında  kompleks mülki müdafiə təlimi keçirilmişdir

«Azərbaycan Dəmir Yolları» QSC-nin 2016-cı ilin MM tədbirlər planına müvafiq olaraq, 13 may 2016-cı il tarixdə Biləcəri lokomotiv deposunda, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti ilə təşkil olunan və həyata keçirilən, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi kecirilmişdir.

 Bununla əlaqədar olaraq Biləcəri  dəmir yolu mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri və şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunmuşdur. Təlimi Fövqəladə Hallar Nazirliyinin və dəmir yolu idarəsinin əməkdaşları müşahidə edidi 

Təlimin keçirilməsində  əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin MM planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, MM qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi idi.

Biləcəri lokomotiv deposunda ərazisində keçirilən kompleks təlim həyəcan siqnalının verilməsi ilə başladı. Qovşaq rəhbəri, Biləcəri stansiyasının rəisi Elçin Məmmədov məlumat verdi ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində  iki yük vaqonu relsdən çıxaraq aşmışdır, xəsarət alanlar var. Dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan yanğın baş vermiş, deponun xidməti binalarının bəzi sahələrində uçqunlar olmuşdur. Uçqunlar altında qalanlar, ölənlər, yanğından zərər çəkənlər və xəsarət alanlar var.

Təlim rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verdi. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirildi. Ərazi dərhal çəpərləndi, kəşfiyyat aparıldı, müvəqqəti rabitə bərpa edildi, yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil oldu, mövcud vasitələrlə yanğın ocaqları söndürüldü, yaralılara ilkin tibbi yardım göstərildi və onlar xərəklə tibb məntəqəsinə aparıldılar. 

Bərpa komandası  bərpa işlərinə başladı. Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin MM üzrə texniki müfəttişi İsa Xudiyev çıxış edərək stansiyada MM qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirdi və aktiv iştiraka görə hər kəsə minnətdarlıq etdi.