25 Dekabr 2021

Dəmir yolu sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Dəmir yolu sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycana işgüzar səfərləri çərçivəsində Türkiyənin Ticarət Nazirliyinin Beynəlxalq xidmət ticarəti üzrə rəisi Emre Öztellinin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Dəmir Yolları” QSC-də olub. Türkiyənin nəqliyyat, tikinti, memarlıq və mühəndislik sahəsində  tanınmış şirkətlərinin təmsil olunduğu nümayəndə heyəti ilə  görüşdə ölkələrimiz arasında yeni sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Hicran Valehov  bildirib ki, 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycana mənəvi və siyasi dəstək göstərən Türkiyə hər zaman ölkəmizin haqlı və ədalətli mövqeyini beynəlxalq tribunalarda müdafiə edir. Ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrindən danışan Hicran Valehov vurğulayıb ki, Ermənistanın  işğalından azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq layihələrində  Türkiyə şirkətləri də fəal iştirak edir.

Türkiyənin Ticarət Nazirliyi və DEİK Beynəlxalq Texniki Məsləhət Xidmətləri  İş Şurasının  dəstəyi və koordinasiyası ilə Azərbaycanda səfərdə olduqlarını qeyd edən Emre Öztelli bu görüşün Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində mövcud imkanların genişləndirilməsində mühüm rol oynayacağına diqqət çəkib. Qonaq öz növbəsində bildirib ki, Türkiyə şirkətləri  Qarabağda genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində  iştirak etməkdə maraqlıdır.

Qonaqlar təmsil etdikləri şirkətlərlə bağlı təqdimat ediblər. Məlumat verilib ki, görüşdə təmsil olunan  şirkətlər nəinki Türkiyədə, eləcə də dünyanın bir çox ölkələrində dəmir yolu layihələrinin  hazırlanması və icra edilməsində, nəqliyyat infrastrukturunun qurulmasında iştirak edib.