27 Noyabr 2015

DƏMİR YOLUNUN ELEKTRİK TƏCHİZATI SİSTEMİ YENİDƏNQURMA MƏRHƏLƏSİNDƏ

 DƏMİR YOLUNUN ELEKTRİK TƏCHİZATI SİSTEMİ YENİDƏNQURMA MƏRHƏLƏSİNDƏ

 Hal-hazırda dəmir yolunun tarixində çox əlamətdar bir dövrdür. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı  özünün sürətli inkişaf mərhələsindədir.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi, bütün sahələr kimi, elektrik təchizatı sisteminin də müasir tələblərə cavab verən və qənaətcil sistemə keçirilməsinə xüsusi önəm verir.

Hazırda Bakı-Böyük Kəsik istiqamətində elektrik  təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi istiqamətində işlər 4 sahə üzrə mərhələlərlə davam etdirilir. 1-ci hissə Böyük-Kəsik-Gəncə sahəsi; 2-ci hissə Gəncə-Ucar sahəsi; 3-cü hissə Ucar-Hacıqabul sahəsi; 4-cü hissə Hacıqabul-Bakı sahəsi.

Bu sahələr üzrə artıq Böyük Kəsik, Ağstafa, Düyərli, Alabaşlı, Goran, Ləki,  Müsüslü, Sığırlı, Hacıqabul, Ələt, Lökbatan və Keşlə stansiyalarında, ümum ilikdə  12 yeni dartı yarımstansiyası tikilmişdir. Hazırda tamamlama işləri görülür. Eyni zamanda kontakt şəbəkəsində dayaqların quraşdırılması, kontakt naqillərının çəkilməsi davam edir. Dartı yarımstansiyaları üzrə işlər 2016-cı ilin sonunda başa çatacaq. 

Qeyd edək ki, keçmiş SSRİ məkanında ilk dəfə dəmir yolu xəttinin  ellektriklləşdirilməsi Azərbaycanda həyata keçirilmişdir.

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ikinci ilində, yəni 1922-ci ildə Bakı Şəhər Deputatları Şurası paytaxtda rahat və yüksəksürətli şəhər elektrik nəqliyyatının yaradılması məsələsinin həlli ilə məşğul olmağa başadı.

1923-cü ildə ölkədə, Sovet hakimiyyəti zamanı, ilk elektrik tramvayının tikintisi üzrə işlərə başandı və 8 fevral 1924-cü ildə  Bakıda ilk tramvay istifadəyə verildi.

 Tramvayın istifadəyə verilməsindən sonra Bakı proletariatı,  Bakı və respublikanın partiya və sovet təşkilatları Bakı-Sabunçu dəmir  yolu xəttinin elektrikləşdirilməsi istiqamətində yenidənqurma işlərinə başladı.

Tramvayın istifadəyə verilməsindən cəmisi 21 gün sonra 1924-cü il fevralın 29-da, Bakı Soveti qərara aldı: "Şəhərin rayonları və bağ yerləri ilə əlaqələri təmin etmək üçün Bakı-Sabunçu-Mərdəkan-Buzovna elektrik qatarının (Abşeron şəhərətrafı elektrik sahəsinin) tikintisinə başlamaq zəruri hesab edilsin".

Keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda - 1925-ci ilin mart  ayında Bakı-Sabunçu dəmir yolu xəttinin  ellektriklləşdirilməsi işlərinə başlanmış və cəmisi 14, 5 ay ərzində həmin işlər başa çatdırılmışdır. 1926-cı il iyulun 26-da Abşeronun məşhur neft rayonları olan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başladı.