16 İyul 2016

DƏMİR YOLUNUN SANİTARİYA-MÜHAFİZƏ ZONASI MƏİŞƏT TULLANTILARINDAN TƏMİZLƏNİR

 DƏMİR YOLUNUN SANİTARİYA-MÜHAFİZƏ ZONASI MƏİŞƏT TULLANTILARINDAN TƏMİZLƏNİR

Dəmir yolunun uğurlarının artdığı bir vaxtda, təəssüflər olsun ki, daşımaların keyfiyyətlə və təhlükəsiz daşınmasına əngəl törədən problemlər də mövcuddur. Bu, ilk növbədə müvafiq normaların pozulması ilə əlaqədardır. Son vaxtlar Bakıətrafı ərazidə, eləcə də xətt boyu dəmir yolu ərazilərinə yaxın yerlərdə yaşayan insanların təbiətə, ekologiyaya, özlərinə və ətrafdakılara səhlənkar münasibəti, son nəticədə, xoşagəlməz hallara gətirib çıxarır. Keçirilən reydlər zamanı təhkim zolağında və sanitariya-mühafizə zonasında müşahidə olunan yarıtmaz hallar barədə müvafiq rayonların rəhbərlərinə yazılı müraciət olunmuşdur.

Sonra «Azərbaycan Dəmir Yolları» QSC tərəfindən dəmir yolu boyunca sanitariya-mühafizə zonasının çirkləndirilməsinin qarşısının alınması üçün məqsədyönlü tədbirlər planı hazırlandı.

Sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsi işini “Azərbaycan Dəmir Yolları” QSC İnfrastruktur Departamentinin  kollektivləri həyata keçirməyə başladılar. Aradan ötən qısa zaman  ərzində İnfrastruktur Departamentu Yol xidmətinin kollektivləri tərəfindən baş yolların kənarlarının, dəmir yolunun təhkim zolağının və sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsi istiqamətində  mütəmadi tədbirlər görülmüşdur.

Bütün istiqamətlərdə marşrut boyu, bir yerdə də olsun, qalaqlanmış məişət tullantılarına rast gəlinmədi. Yaşayış məntəqələrinə yaxın yerlərdə  zibil qutuları qoyulmuş və məişət tullantılarının atılması üçün quyular qazılmışdır.

“Azərbaycan Dəmir Yolları” QSC olaraq, dəmir yolunun təhkim zolağına yaxın ərazıdə yaşayan vətəndaşlardan xahiş edirik ki, məişət tullantılarını müəyyən olunmuş yerlərə atsınlar. Bu, qatarların hərəkətinin ahəngdarlığının, təhlükəsizliyinin təmin olunmasında, ekoloji təmizliyin qorunmasında çox mühüm amillərdən biridir. Dəmir yolunun təhkim zolağının və sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciəti, adı çəkilən nazirlikdə araşdırılmış, hazırda bu istiqamətdə əlbir fəaliyyət göstərilir.

P. S.  Qeyd edək ki, “Nəqliyyat haqqında“ qanunun, Torpaq Məcəlləsinin və “Nəqliyyat Nazirliyi haqqında əsasnamə“nin tələblərinə uyğun olaraq Nazirlər Kabineti “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları“nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları“nın təsdiq edilməsi haqqında“ 23 fevral 2005-ci ildə 33 saylı qərar qəbul edib.

 Bu, keçmiş SSRİ parçalandıqdan sonra müstəqil respublikamızda ölkə polad magistralının ahəngdar fəaliyyətinin təmin olunması yönündə hökumət səviyyəsində qəbul edilən ilk və olduqca gərəkli bir direktiv sənəddir. “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları“nda dəmir yolunun təhkim zolağının və xüsusi mühafizə zonasının, həmçinin sanitariya-mühafizə zonasının saxlanmasının şəhərsalma, ekoloji, sanitar-gigiyena, yanğın təhlükəsizliyi tələblərinə və normativ-hüquqi aktlarla müəyyənləşdirilmiş tələblərə uyğun olması göstərilib.

“Sənəddə həmçinin idarə və müəssisələrə verilən torpaq sahələrinin sanitariya və mühafizə zonası üçün normaları müəyyənləşib. Sənəddə dəmir yolu ilə daşımaların həyata keçirilməsi və dəmir yolunun digər obyektlərinin normal istismarı ilə bağlı nəqliyyat və başqa texniki vasitələrin istismarı ilə əlaqədar əhalinin həyat və sağlamlığının qorunması, mühəndis qurğularının təhlükəsizliyinin və qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə “Azərbaycan Dəmir Yolları“ və dalan yollarına malik təşkilatların, müəssisələrin və ya idarələrin üzərinə düşən konkret vəzifələr də öz əksini tapıb.

Sənədin “Dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında, həmçinin dəmir yollarının sanitariya-mühafizə zonasında torpaq sahələrindən istifadə olunması“ bölməsində qeyd edilib ki, xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlılığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər.