25 Sentyabr 2019

Dünya Bankı ilə əməkdaşlıq perspektivləri və prioritetləri müzakirə edilib

Dünya Bankı ilə əməkdaşlıq perspektivləri və prioritetləri müzakirə edilib

“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi

Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi

nümayəndə heyəti ilə görüş keçirilib.

İkitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid

Qurbanov son illərdə Azərbaycanın iri tranzit və logistik mərkəzə

çevrilməsi, dəmir yolunun modernləşdirilməsi, beynəlxalq və regional

nəqliyyat layihələrinin tam gücü ilə işləməsi üçün həyata keçirilən

irihəcmli işlər barədə qonağa ətraflı məlumat verib.

Sonra Dünya Bankı ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında

əməkdaşlıq perspektivləri və prioritetləri, “Şimal-Cənub” Beynəlxalq

Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xətti

sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsində Dünya

Bankının iştirakı, cari ilin 16-24 iyul tarixlərində DB-nin layihə ilə bağlı

ölkəmizdə olan faktaraşdırıcı missiyanın səfərinin nəticələri, “Azərbaycan

Dəmir Yolları” QSC-də İdarəetmənin təkmilləşdirilməsi, İnstitusional

islahatların aparılması və yüksək əməliyyat effektivliyinə nail olunması

istiqamətində həyata keçirilən instusional və struktur islahatları barədə

müzakirələr aparılıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian

Molineus Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi,

tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü

bildirib, ikitərəfli əlaqələrin bundan sonra daha da artan xətt üzrə davam

etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Dünya Bankının Azərbaycan üzrə İcraçı Direktoru Verner

Qruber və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən

Naqvi iştirak edib.