30 Oktyabr 2019

Faiq Qarayevə 2-ci dərəcəli "Əmək" ordeni təqdim olundu

Faiq Qarayevə  2-ci dərəcəli "Əmək" ordeni təqdim olundu

Azərbaycan Voleybol Federasiyasında tədbir təşkil olunub. İdmanın inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamına əsasən  2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilən Federasiyanın I vitse-prezidenti Faiq Qarayevə mükafatı təqdim olunub. Mərasimdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, AVF-nin prezidenti, millət vəkili Cavid Qurbanov da iştirak edib. O, 60 yaşlı mütəxəssisi təbrik edərək, onun karyerasından söz açıb. Bildirib ki, F.Qarayevin həyatı voleybolla bağlıdır, ömrünün böyük hissəsini bu sahəyə həsr edib. Faiq Qarayev məşqçi olmağı hər şeydən üstün tutub, müxtəlif yerlərdə, Rusiya və Türkiyədə işləyib. Daha sonra dövlət başçısının  dəvəti ilə Azərbaycana gələn idman  ustası  bir sıra uğurlara imza atıb. Onun Azərbaycan idmanına verdiyi töhfə dövlət  tərəfindən hər zaman yüksək dəyərləndirilib. "Tərəqqi" və "Şöhrət" ordenlərinə , "Əməkdar məşqçi" adına layiq görülüb.  Oktyabrın 17-də isə Prezident İlham Əliyev  Faiq Qarayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 
      Sərəncam oxunduqdan sonra Voleybol Federasiyasının prezidenti  C. Qurbanov ordeni  F.Qarayevə təqdim edib.
      Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə,  Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da əməkdar məşqçini  təbrik ediblər və onun  uğurlarından, ölkədə voleybolun inkişafındakı  xidmətlərindən danışıblar.
     Tədbirin sonunda AVF-nin Rəyasət Heyətinin adından qurumda çalışan Zöhrab Gözəlbəyli, Oqtay Musayev, Rafiq Rəsulov və Nona İsmayılovaya da yubileyləri münasibəti ilə xüsusi diplomlar verilib.