5 Fevral 2016

Kəlbəcərli məcburi köçkünlər ölkəmizdə həyata keçirilən antiböhran tədbirlərini təqdir edirlər

 Kəlbəcərli məcburi köçkünlər ölkəmizdə həyata keçirilən antiböhran tədbirlərini təqdir edirlər

“Azərbaycan DəmirYolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov fevralın 3-də Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınmış qəsəbədə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Kəlbəcər rayon mədəniyyət sarayında keçirilən görüşdə respublikanın 30 rayonunda məskunlaşan 600 kəlbəcərli iştirak edib.

Görüşdə çıxış edən Cavid Qurbanov son illər dünyada və regionda gedən siyasi proseslərdən danışıb. Bildirib ki, dünyada hökm sürən iqtisadi böhranın təsirlərinə baxmayaraq, yaranmış vəziyyətdən uğurla çıxmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bir sıra islahatlar həyata keçirilir, çevik iqtisadi siyasət yürüdülür.

Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkəyə böyük məbləğdə valyuta axını təmin edilib. Azərbaycanın maliyyə imkanlarının artması ölkədə infrastruktur layihələrinin həyata keçirilməsinə, sosial problemlərin həllinə, qeyri-neft sektorunun inkişafına böyük imkanlar yaradıb. Son 10 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollar vəsait qoyulub. Həmin vəsaitlərin 100 milyardı xarici şirkətlər və iş adamları tərəfindən əsasən qeyri-neft sektoruna yatırılıb. Ötən 12 ildə ölkədə 1 milyon 600 min iş yeri açılıb ki, bunun da əksəriyyəti daimi iş yerləridir.

Cavid Qurbanov vurğulayıb ki, yaxın gələcəkdə Azərbaycan yalnız neft və qaz kimi strateji ehtiyatlarına görə deyil, həm də beynəlxalq yüklərin daşınmasına görə nəinki bölgənin, o cümlədən dünyanın tranzit mərkəzlərindən birinə çevriləcək. Bildirilib ki, Çindən gələn yük qatarı Azərbaycandan keçməklə Avropaya yola salınıb. Eyni zamanda, Ukraynadan gələn yüklər də Azərbaycan üzərindən Qazaxıstana göndərilib. Dövlətimizin başçısının Azərbaycanı bölgənin tranzit mərkəzinə çevirmək istiqamətində gördüyü işlər, xarici ölkələrə etdiyi rəsmi və işgüzar səfərlər, apardığı danışıqlar yaxın illərdə tranzit daşımaları hesabına büdcəyə böyük məbləğdə valyuta axınına imkan yaradacaq.

Daha sonra rayon ağsaqqalı Surxay Səlimov, sahibkar Rəhman İsmayılov, məktəb direktoru Cəmşid Əlbəndov və başqaları çıxış edərək, Azərbaycanda hökm sürən sabitliyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, manatın devalvasiyasından istifadə edən bəzi işbazlar şəxsi mənafelərini dövlətin mənafeyindən üstün tutaraq qiymətləri süni şəkildə artırmağa çalışsalar da, Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu kimi halların qarşısı alınır.

Görüşdə çıxış edənlər dövlətimizin başçısının biznes mühitinin sağlamlaşdırılması, azad rəqabət şəraitinin yaradılması, sahibkarlıq subyektlərinin işinə əsassız müdaxilələrin aradan qaldırılması, taxıl və taxıl məhsullarının əlavə dəyər vergisindən azad olunması, maaşların, pensiya və təqaüdlərin artırılması və görülən digər tədbirləri təqdir etdiklərini bildiriblər.