6 Fevral 2020

Prezident İlham Əliyev “Stadler Rail AG” şirkətinin direktorlar şurasının sədrini qəbul edib

Prezident İlham Əliyev “Stadler Rail AG” şirkətinin direktorlar şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da “Stadler Rail AG” şirkətinin Direktorlar Şurasının sədri Peter Şpuleri qəbul edib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Stadler Rail AG” şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, bu şirkətin istehsal etdiyi çox müasir, rahat və sürətli qatarların Azərbaycanda istifadəyə verilməsinin ölkəmizin dəmir yolu sistemində böyük dəyişikliklərə səbəb olduğu vurğulandı.

Söhbət zamanı Azərbaycanda dəmir yolu ilə ölkə daxilində səfər edən sərnişinlərin sayının artmasına, yaxın gələcəkdə dəmir yolu vasitəsilə, xüsusilə bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə qonşu ölkələrə, həmçinin Avropa ölkələrinə səfərlərin həyata keçiriləcəyinə əminlik ifadə edilərək, Azərbaycanın “Stadler Rail AG” şirkətindən bundan sonra daha çox qatarın alınmasında maraqlı olduğu bildirildi.

Görüşdə, həmçinin Azərbaycanın Davos Dünya İqtisadi Forumu ilə fəal əməkdaşlığına toxunuldu, Prezident İlham Əliyevlə Davos Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzinin Azərbaycanda yaradılması haqqında niyyət protokolunun imzalanmasının önəmi qeyd edildi. Məhz Azərbaycanın regional mərkəz seçilməsi Forum tərəfindən ölkəmizdə həyata keçirilən inkişaf proseslərinə verilən qiymət kimi dəyərləndirildi. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı nəticəsində Davos Dünya İqtisadi Forumunun dəmir yollarının keyfiyyəti ilə bağlı reytinqində dəmir yolu xidmətlərinin səmərəliliyinə görə ölkəmizi dünyada 11-ci yerə layiq gördüyü vurğulandı.