17 Dekabr 2019

YAP İcra Katibliyində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov mətbuat konfransı keçirib

YAP İcra Katibliyində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov mətbuat konfransı keçirib

Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov mətbuat konfransı keçirib.

Mətbuat konfransında C.Qurbanov Azərbaycan dəmir yolunun tarixi, müasir dövrdə dəmir yolunun mövcud durumu və perspektiv planlar haqqında geniş məlumat verib. O deyib ki, Azərbaycanda ilk dəmir yolu hələ XIX əsrin sonlarında istifadəyə verilib. Ötən əsrin əvvəllərində elektrikləşdirilmiş dəmir yolunun istifadəyə verilməsindən sonra isə bu sahənin Azərbaycan iqtisadiyyatında rolu artmağa başlayıb.

Azərbaycanın dəmir yollarının inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən C.Qurbanovun sözlərinə görə, Ulu Öndərimiz bu sahənin inkişafı ilə əlaqədar çox böyük işlər görüb. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

C.Qurbanov bildirib ki, bu gün Azərbaycanda bütün sahələr üzrə inkişaf var və dəmir yolu sahəsi də xüsusi inkişaf dövrünü yaşayır. Bu gün respublikada dəmir yollarının ümumu uzunluğu 4200 kilometrə çatdırılıb, baş yollar isə 2955 kilometr  təşkil edir.

O söyləyib ki, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin 20 min nəfərə qədər işçisi var: ““Azərbaycan Dəmir Yolları" QSC-də 2015-ci ilə nisbətən əməkhaqqı hazırda 95 faiz artıb. Əvvəllər əməkhaqqı 120-130 manat olubsa, hazırda bu rəqəm 583 manatdır. Əməkhaqqının yüksəlməsi yükdaşımaların artımı ilə bağlıdır”.

QSC sədrinin sözlərinə görə, cari ilin yanvar-noyabr aylarında dəmir yolu ilə təqribən 15 milyon ton yük daşınıb. Ötən il yükdaşımaların həcmi 13 milyon 950 min ton olub. Bu il daşınan yüklərin əksəriyyəti tranzit yüklərdir.

Yeni layihələr barədə məlumat verən C.Qurbanov söyləyib ki, Bakıda Güzdək-Sahil dəmir yolunun təmiri nəticəsində bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq. O bildirib ki, həmin yolun araşdırılmasına başlanılıb: “Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb. Bakı-Rusiya sərhədində olan yola Asiya İnkişaf Bankından kredit ayrılıb. Türkiyə və Qazaxıstanın şirkətləri bərabər işlər görəcək. Eyni zamanda, Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri başa çatdırılıb. Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən gedəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır. Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə bağlanılıb. 42 lokomotiv və dəmir yolunda sərnişinləri daşıyan avtobus və 30-a yaxın vaqonların təmiri nəzərdə tutulur”.

C.Qurbanov həmçinin Bakıda tramvay xəttinin bərpası ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, məsələ ölkə başçısına məruzə olunub: “Lakin bu xətti bərpa etmək çox çətindir. Bakı şəhərindəki sıxlıq bu xəttin bərpasını çətinləşdirir”. C.Qurbanov vurğulayıb ki, hazırda bununla bağlı iş gedir. Xarici şirkətlərə müraciət olunub və araşdırmalar aparılır. Ancaq istifadəyə veriləcək dairəvi yolun üzərində əlavə işlər aparmaqla tramvayla daşımaları əvəz etmək olar.

C.Qurbanov həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən danışıb. Bu layihənin dövlətimizin siyasi iradəsi sayəsində reallaşdığını deyən QSC sədri bu məsələdə Preizdent İlham Əliyevin xüsusi rolunu vurğulayıb. Onun sözlərinə görə, bu layihəyə müəyyən xarici dairələr tərəfindən qısqanclıqla yanaşılır: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyədək 300 min ton yük daşınıb. Bəzi əngəllərə baxmayaraq hazırda bu xəttin daha intensiv işləməsi üçün yüklərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir. Qazaxıstan tərəfi ilə bu sahədə işlər aparılır və bunun nəticəsi olaraq əlavə 500-600 min tonun cəlb etmək mümkün olacaq”.

C. Qurbanov qeyd edib ki, bu dəmir yolu ilə sərnişin daşımalarının təşkili ilə bağlı işlər aparılır: “Bu yaxınlarda bu istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib. Müvafiq sənədlər artıq hazırlanıb və onlar imzalanandan sonra sərnişin daşımalarına start veriləcək”.

BTQ xəttinin Naxçıvanla birləşdirilməsi məsələsi ilə bağlı məsələyə gəldikdə, C. Qurbanov söyləyib ki, bunun üçün 280 km xətt Türkiyə ərazisində tikilməlidir: “Bu da 2 milyard ABŞ dollarına yaxın sərmayə tələb edir. Bu məsələ araşdırılır”.