Dəmir Yolu Muzeyi

 

Dəmir Yolu Muzeyinin açılışı 19 noyabr 2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

Muzeydə ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar sərgilənir. Muzeydə XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, dəmir yolu və qatar modelləri yer alır. Muzeydə XX əsrdə dəmir yolunda gedən inkişaf proseslərinin müxtəlif sahələrinə aid eksponatlar, dəmir yolu qatarlarının modelləri nümayiş olunur. Burada, eyni zamanda, bədii və sənədli filmlərin nümayişi də nəzərdə tutulur. Zaqafqaziya dəmir yolunun tarixi xəritəsi də muzeyin nadir eksponatlarındandır.

Muzey köhnə Sabunçu Vağzalının binasında yerləşir. Bu bina 6 iyul 1926-cı il tarixində, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolunun açılışı günündə istifadəyə verilib. Bakının Sabunçu Vağzalı elektrik qatarlarını qəbul edən ilk vağzal binası oldu. Yeni vağzal binası “Tiflis vağzalı” binasından aralı tikilmişdi. O, düzbucaq altında birləşdirilmiş iki korpusdan ibarət idi. Binanın üz tərəfi şəhərə, arxa tərəfi dəmir yollarına baxırdı. Bina Azərbaycan milli memarlığı ənənələrinə uyğun inşa olunmuşdu, zahirən Şirvanşahlar sarayını xatırladırdı. Geniş foye, o dövr üçün müasir olan bilet satışı məntəqələri növbələri aradan qaldırmış, bilet satışı zamanı vaxt itkisinin qarşısı alınmışdı.