ADY Avropanın logistika şirkətlərini Orta Dəhlizin yaratdığı yeni imkanlar haqqında məlumatlandırdı

ADY Avropanın logistika şirkətlərini Orta Dəhlizin yaratdığı yeni imkanlar haqqında məlumatlandırdı

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Vyanada keçirilmiş Avropa İpək Yolu Sammitində təmsil olunub.

Tədbirdə ADY sədrinin müşaviri Emil Məmmədov Orta Dəhliz, Azərbaycanın bu dəhlizin inkişafındakı rolu və Azərbaycan Dəmir Yollarının tranzit yükdaşıma həcminin artırılması üçün regional və beynəlxalq əməkdaşlığı genişləndirməsi barədə təqdimatla çıxış edib.

ADY rəsmisi Orta Dəhlizin potensialının reallaşdırılması üçün Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xəttinin inteqrasiyasının əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd olunub ki, BTQ illik 5 milyon ton yük ötürücülük gücü ilə Çindən Avropaya tranzit və ixrac yüklərinin səmərəli daşınması üçün daha qısa və sürətli marşrut təklif edir.

Bildirilib ki, Avropa logistika operatorları və ekspeditor şirkətləri Orta Dəhlizdən istifadəni intensivləşdirməklə regional yükdaşımalar üçün yeni imkanlardan faydalana bilərlər. Həmçinin tədbir iştirakçılarına Qərbdən Şərqə gələn yük bazasının formalaşması, yüklərin Türkiyə və BTQ vasitəsilə Orta Dəhliz üzərindən daşınmasının mümkünlüyü, eləcə də ADY-nin bu istiqamətdə gördüyü işlər haqqında məlumat verilib.

ADY-nin Orta Dəhlizin inkişafı üçün gördüyü işlərdən danışan Emil Məmmədov ötən il BTQ-nin modernləşdirilməsinin tamamlandığını və marşrutun səmərəli istismarı üçün Gürcüstan tərəfi ilə birgə müəssisə yaradıldığını deyib. Digər birgə müəssisənin isə Orta Dəhlizin inkişafı üçün Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında təsis edildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, ADY Orta Dəhlizin inkişafına daha çox təkan vermək üçün bu ay Azərbaycandan Çinə ilk ixrac blok-qatarının yola salınmasını təmin edib. 62 ədəd 40 futluq konteynerdən ibarət ixrac blok-qatarı Qazaxıstandan keçməklə yükləri Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdıracaq. Bu ilin sonunadək Azərbaycandan Çinə ümumilikdə 600 konteyner ixrac yükünün yola salınması planlaşdırılır.

Eyni zamanda, Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa dəmiryol təşkilatlarının iştirakı ilə bu il Bakıda Avstriya Dəmir Yollarının da təmsil olunduğu Avrasiya Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət görüşünün keçirildiyi, yeni marşrutun əsas hədəfinin Orta Dəhlizin cənub qanadını canlandırmaqla yük həcmini artırmaq olduğu vurğulanıb.