ADY COP29 dövründə: Dayanıqlı, təhlükəsiz və rahat
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar olaraq 1-23 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Tədbir zamanı müştəri məmnuniyyətinin artırılması, təhlükəsizliyin təmin edilməsi və dayanıqlı fəaliyyət prioritet istiqamətlər olub.
COP29-a hazırlıq işlərinin və tədbirin keçirildiyi dövrdə fəaliyyətin vahid mərkəzdən idarə edilməsi və əlaqələndirilməsi, baş verə biləcək insidentlərin vaxtında aşkar olunması və qarşısının alınması üçün ADY-də qərargah və monitorinq qrupu yaradılıb. Müxtəlif departamentlərdən ayrılmış əməkdaşlar və rəhbər şəxslər növbəli rejimdə çalışaraq qərargahın fasiləsiz fəaliyyətini təmin ediblər. Monitorinq qrupu ümumi hazırlığa və COP29 dövründə stansiya və dayanacaqlarda texniki məsələlərə nəzarət edib, hər hansı nasazlığın vaxtında müəyyən edilərək operativ həlli istiqamətində 24/7 fəaliyyət göstərib.
Sərnişinlərə göstərilən xidmət keyfiyyətinin daha da artırılması məqsədilə 1-23 noyabr tarixlərində stansiya və vağzallarda əməkdaşların sayı artırılıb, 300-dən çox əməkdaş müştəri xidmətləri və ingilis dili üzrə təlimlərdə, həmçinin ətraf mühitin mühafizəsi mövzusunda seminarlarda iştirak edib. Sərnişinlərin COP29 haqqında məlumatlılığının artırılması və səyahət təcrübəsinin təkmilləşdirilməsi məqsədilə Abşeron dairəvi dəmiryol marşrutu üzrə yenilənmiş hərəkət-naviqasiya sistemləri, o cümlədən işarələr, monitorlar və s. quraşdırılıb.
Sərnişinlərin rahat səyahətini təşkil etmək, həmçinin vaxta qənaət üçün Bakı Dəmiryol Vağzalında turniketlərin sayı artırılaraq 1 dəqiqədə keçid qabiliyyəti 750-dən 1000 nəfərə, Koroğlu dayanacağında isə 108-dən 270 nəfərə çatdırılıb. Həmçinin COP29 dövründə Bakı və Sumqayıt vağzallarında, Koroğlu dayanacağında qonaq və sərnişinlər üçün əlavə olaraq “sürətli keçid” dəhlizləri yaradılıb.
COP29 dövründə ADY ümumilikdə 10 minə yaxın akkreditasiyalı sərnişin daşıyıb. Ən çox istifadə edilən dayanacaq Koroğlu (5026 nəfər) olub. Sumqayıt vağzalından 1638, Bakı vağzalından isə 1153 akkreditasiyalı sərnişin istifadə edib.
Xarici qonaqların səfəri təkcə Abşeron dairəvi marşrutu ilə məhdudlaşmayıb, rayonlararası istiqamətlər üzrə ən çox səfər edilən şəhər Gəncə olub.
Bundan başqa, ADY-nin inklüzivliyə töhfəsi çərçivəsində Bakı və Sumqayıt vağzallarında görmə məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq məqsədilə taktil döşəmələr yenilənib. Fiziki məhdudiyyətli sərnişinlərin rahat hərəkətini təmin etmək üçün Bakı Dəmiryol Vağzalındakı liftə texniki baxış keçirilib, bütün stansiya və vağzallarda panduslar yoxlanılıb və Biləcəri stansiyasında əlavə pandus quraşdırılıb. Həmçinin Gəncə və Qəbələ vağzallarında təmir-bərpa işləri aparılıb. Bakı və Sumqayıt vağzallarında fəaliyyət göstərən tibb məntəqələri də gücləndirilmiş iş rejimində çalışıb.
Sərnişinlər üçün informasiya əlçatanlığını, yazışma, onlayn axtarış və digər xidmətləri təmin etmək məqsədilə noyabrın 13-dən Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları ilə hərəkət edən bütün “Stadler” qatarlarında pulsuz “Wi-Fi” xidməti aktiv edilib, internet xidmətinin keyfiyyətinə müntəzəm nəzarət təşkil edilib. Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərlə yüksəldən ADY həmçinin stansiya və vağzallardakı “Wi-Fi” zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb.
Eyni zamanda, sərnişin daşımaları üçün istifadə edilən qatarların monitorları COP29 mövzusuna uyğun vizual materiallarla brendləşdirilib, qatarlarda əsaslı kimyəvi təmizləmə işləri həyata keçirilib.
COP29 günlərində stansiya və dayanacaqlarda akkreditasiyalı şəxslərin rahat keçidini təmin etmək, onları qatarların hərəkət cədvəli ilə tanış etmək, istiqamətləndirmək, ümumilikdə tədbirlərin uğurlu keçirilməsinə dəstək vermək məqsədilə 28 oktyabr tarixindən etibarən ADY-nin könüllülər qrupu formalaşdırılıb və onların hazırlığına başlanılıb. Könüllülərlə görüşlər keçirilib, COP29 dövründə ümumi fəaliyyət, yarana biləcək risklər və onların aradan qaldırılması, çevik reaksiya, məlumat mübadiləsi müzakirə edilib, onlara sərnişindaşımaya aid elanların mətni, akkreditasiya növləri barədə məlumatlar verilib. Hər bir könüllü xüsusi jilet və yaxa kartı ilə təmin edilib.
ADY könüllüləri 11-23 noyabr tarixlərində Sumqayıt vağzalında, Keşlə, Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Görədil və Novxanı stansiya və dayanacaqlarında hər gün saat 07:00-dən 23:00-dək növbəli rejimdə fəaliyyət göstəriblər.
Daşımaların təhlükəsiz və vaxtında təşkili üçün mühafizə xidməti də COP29 dövründə gücləndirilmiş iş rejimində çalışıb. Qatarlarda və platformalarda mühafizə əməkdaşlarının sayı artırılıb. Stansiya və vağzallarda, həmçinin digər infrastruktur obyektlərində asayişin təmin olunması üçün ADY-nin Mühafizə departamentinin və Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə gücləndirilmiş rejimdə günboyu mühafizə xidməti aparılıb.
Sərnişinlər, qatarlar, vağzal və stansiyaların təhlükəsizliyinə 24/7 nəzarət edilməsi üçün Bakı Dəmiryol Vağzalında yerləşən Videomüşahidə Mərkəzinin fəaliyyəti təkmilləşdirilib. Abşeron dairəvi marşrutu üzrə bütün stansiya və dayanacaqlar, eləcə də ADY-nin digər strateji nöqtələri kameralar vasitəsilə fasiləsiz müşahidə edilib. Stansiya və yollarda quraşdırılmış 800-dən çox müşahidə kamerası mərkəzləşdirilmiş şəkildə Videomüşahidə Mərkəzinə inteqrasiya olunub. Beləliklə, müvafiq təhlükəsizlik planları dəqiq icra edilib, hər bir əməkdaş təhlükəsizliyi və nəzarəti tam təmin etmək üçün xüsusi diqqətlə çalışıb.
COP29 günlərində ADY-nin yükdaşıma xidməti də gücləndirilmiş rejimdə işləyib. Yükdaşımalara aid sahə, stansiya, dispetçer məntəqələri, lokomotivlərin və vaqonların istismarı depolarında müntəzəm monitorinqlər aparılıb.
Yükdaşıma və sərnişindaşıma xidmətlərinin fasiləsizliyini təmin etmək üçün dəmiryol infrastrukturuna əsaslı baxış keçirilib, profilaktik tədbirlər görülüb, dəmir yollarının müntəzəm diaqnostikası aparılıb.
COP29 günlərində Hərəkət vasitələrinin təmiri departamenti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Belə ki, sərnişin və yük qatarlarının hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, yarana biləcək nasazlıqların operativ aradan qaldırılması məqsədilə qrafik əsasında əməkdaşlar sahələr üzrə bölünüb, xüsusilə də Bakı və Sumqayıt vağzallarında, həmçinin Koroğlu dayanacağında fəaliyyət göstəriblər.
Bundan başqa, təmirdə olan lokomotivlərin vaxtında istismara qaytarılmasının təmin olunması, təmirə gəlmiş teplovozlardakı nasazlıqların aradan qaldırılaraq istismara qaytarılması üçün bu sahədə ixtisaslaşmış mütəxəssislərin işə cəlb olunması təmin edilib.
COP29-a hazırlıq çərçivəsində dəmir yollarının ətrafı və yaxın ərazilər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə təhvil verilib, yaşıllaşdırma işləri çərçivəsində dəmir yolları ətrafında yeni ağac zolaqları salınıb.
Azərbaycan Dəmiryol Muzeyi də COP29 günlərində fəaliyyətini gücləndirib. Ziyarətçilər üçün 3 dildə bələdçilik xidmətləri təqdim edilib, 60-a yaxın eksponat haqqında məlumatlar QR kod vasitəsilə əlçatan olub. Muzeyin yenilənmiş kinozalında bir neçə dildə dəmir yolları haqqında sənədli filmlər nümayiş etdirilib. “Zaman qatarı” eksponatı isə ziyarətçilərə Azərbaycan dəmir yollarının tarixinə virtual səyahət imkanı təqdim edib.
COP29 dövründə ADY Muzeyini 300 nəfər ziyarət edib, onlardan 50-si COP29 tədbirlərində iştirak etmək üçün Bakıya gələn xarici qonaqlar – Çin, Almaniya, İsveçrə, Pakistan, Böyük Britaniya, Belarus, Macarıstan, Türkiyə, Braziliya, Rusiya, İrlandiya, Tacikistan, Özbəkistan və Ukrayna vətəndaşları olub.
Beləliklə, ADY COP29 günlərində yalnız yüksək səviyyədə xidmət göstərməklə kifayətlənməyib, həm də dayanıqlı və müasir həllər tətbiq etməklə öz fəaliyyət sahəsində hədəflərinə doğru inamla irəlilədiyini bir daha nümayiş etdirib.