Rüstəmov Rövşən Mürvət oğlu 1980-ci il oktyabrın 6-da İmişli rayonunun Cəfərli kəndində anadan olub.
1997–2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq, dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsinə yiyələnib.
2001–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi alıb.
2007-ci ildə dissertasiya işi müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2004–2012-ci illərdə Azərpoçt MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.
2012–2014-cü illərdə Azərkosmos ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.
2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (en:Business Continuity Institute) davam etdirərək, "Biznesin davamlılığının planlaşdırılması proqramı"nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə Azərkosmos ASC-nin sədr müavini təyin edilib.
Ölkə Prezidentinin 2021-ci il 14 iyun tarixli sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 oktyabr sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.