Həmkarlar İttifaqı

“Azərbaycan Dəmir Yolları” QSC və Cəmiyyətin əmək kollektivinin səlahiyyətli nümayəndəsi olan Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi (DMHİRK) arasında 2023-2025-ci illər üçün Sahə Kollektiv Sazişi bağlanılıb.

Saziş dəmiryolçuların sosial və iqtisadi hüquq və mənafelərinin effektiv müdafiəsinin təmin edilməsi, qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsi, sosial-əmək münasibətlərinin sosial dialoq və kollektiv müqavilələr vasitəsilə tənzimlənməsi məqsədilə imzalanıb.  

Sazişə əsasən, əmək kollektivinin və onların ailə üzvlərinin qısamüddətli istirahətinin, eləcə də kollektivin sağlamlığını və sosial dayanıqlığını təmin etmək məqsədilə kütləvi-mədəni tədbirlərin təşkil edilməsi DMHİRK tərəfindən həyata keçirilir. DMHİRK-in Nabran zonasında “Lokomotiv“ istirahət mərkəzi fəaliyyət göstərir.

Əməyin mühafizəsi qaydalarına riayət edilməsinə dair ADY-nin həyata keçirdiyi tədbirlərdə iştirak etmək, əmək kollektivində sosial şəraitin və rifah halının yaxşılaşdırılmasına, işçilərin sosial problemlərinin təxirəsalınmaz həllinə yardım etmək də DMHİRK-in öhdəliklərinə aiddir.

Həmçinin DMHİRK tərəfindən “Firudin Ağayev” adına, “İlin ən yaxşı müəssisəsi”, “Əla yol işçisi - ilin ən yaxşı mütəxəssisi”, “İlin peşəkar gənci”, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” müsabiqələri keçirilir və qaliblər müəyyən olunur.

Azərbaycanın dəmir yollarında ilk həmkarlar ittifaqı təşkilatı iyirminci əsrin əvvəllərində, 7 oktyabr 1905-ci ildə Bakıda Zaqafqaziya, Vladiqafqaz və Orta Asiya dəmir yolları fəhlə və qulluqçularının konfransında yaradılıb.

SSRİ yaradılandan sonra dəmiryolçuların həmkarlar ittifaqı təşkilatı Zaqafqaziya Dəmir Yolu həmkarlar ittifaqı təşkilatının tərkibində fəaliyyət göstərib. 1955-ci il oktyabrın 13-də müstəqil Azərbaycan dəmir yolu təşkil edildikdən sonra Azərbaycan dəmiryolçularının həmkarlar ittifaqı müstəqil olaraq fəaliyyətini davam etdirib. 2001-ci ildən Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi adlandırılıb.

Hazırda 19 min nəfərə yaxın üzvü olan DMHİRK 6 birləşmiş və 83 müəssisə və təşkilatların həmkarlar ittifaqı komitələrini əhatə edir.

DMHİRK Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Ümumdünya Nəqliyyat İşçİlərinin Həmkarlar İttifaqı Federasiyasının üzvüdür.