Təhlükəsizlik

ADY sədri Rövşən Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində hərəkətin təhlükəsizliyinə dair bəyanat imzalayıb.

Bəyanatda qeyd olunur ki, ADY əsas fəaliyyətinə təhlükəsiz şəkildə nail olunmasında və ona aid olan bütün təhlükəsizlik öhdəliklərinə əməl edilməsində beynəlxalq standartlara uyğun işlənib hazırlanan kompleks siyasətə əsaslanır:

“Azərbaycan Dəmir Yollarının təməl dəyərlərindən biri təhlükəsizlikdir. Hər bir sərnişinin təhlükəsiz səyahətini, hər bir yükün təhlükəsiz daşınmasını, hər bir əməkdaşın təhlükəsizliyə riayət etməsini və hər bir əməliyyatın təhlükəsiz icrasını təmin edirik.

Bu məqsədlə şirkət texniki təhlükəsizlik üzrə ciddi təlim proqramları həyata keçirməklə və bütün əməliyyatlarda təhlükəsizlik protokollarına riayət etməklə əməkdaşlarımızın və sərnişinlərin təhlükəsizliyini prioritet hesab edir. Potensial təhlükələri müəyyən etmək və azaltmaq üçün riskləri hərtərəfli qiymətləndirir və onların idarə edilməsi prosedurlarını həyata keçiririk.

Təhlükəsizlik öhdəlikləri bu günün mürəkkəb və daim dəyişən dəmir yolu mühitində hər zaman yerinə yetirilməlidir. Biz təhlükəsizliklə əlaqəli tədbirləri təşkil edərək təhlükəsizlik, sağlamlıq və ətraf mühitin idarə olunması ilə bağlı bütün qanuni tələblərə cavab verən təhlükəsiz idarəetmə sistemini gücləndiririk.

Biz təhlükəsiz idarəetmə sistemini daim təkmilləşdirmək məqsədilə adekvat resursların olmasını təmin edərək xəsarət və ölüm, əmlaka ziyan dəyə biləcək halları, müştərilərimizə və ətraf mühitə mənfi təsir edə biləcək təhlükələri aradan qaldırmaq üçün müvafiq tədbirlər görürük. Vəzifəsindən asılı olmayaraq hərəkətin təhlükəsizliyi ilə məşğul olan bütün əməkdaşlar təcrübələrini təşviq etməklə iş yerində qəzaların qarşısının alınması üçün məsuliyyət daşıyırlar”.

MƏQSƏDİMİZ

- Təhlükəsizliklə bağlı müvafiq qanuni tələblərə uyğun bütün tədbirlərin görülməsi;

- Əhəmiyyətli risklərin müəyyən edilməsi, izlənməsi, ölçülməsi və əldə olunan nəticələrə uyğun preventiv tədbirlərin görülməsi;

- Qəzaların qarşısının alınması;

- Əmlakın və avadanlıqların zədələnməsi, yanğın və təhlükəsizliyin pozulması nəticəsində yarana biləcək itkilərin minimuma endirilməsi;

- Aktivlərin mövcud qanunvericilik tələblərinə uyğun istismar edilməsi;

- ADY-də səriştəlilik səviyyəsini saxlamaq üçün təlim, təlimatlandırma və məlumatlandırmanın təmin edilməsi;

- Təhlükəsizliyin idarə edilməsi sistemini daim təkmilləşdirmək üçün zəruri resursların təmin edilməsi.

“Təhlükəsizlik həftəsi” kampaniyası

ADY əsas dəyərlərindən biri olan təhlükəsizliyi xüsusi diqqətdə saxlamaq üçün 2024-cü ildən etibarən hər ay “Təhlükəsizlik həftəsi” elan edir.

Kampaniya çərçivəsində

  • dəmir yolu ətrafında yerləşən məktəblərdə təlimlər keçirilir;
  • dəmir yolu ətrafında təsərrüfatları olan fermerlərlə maarifləndirmə işləri aparılır;
  • sosial mediada dəmir yollarında təhlükəsizliklə bağlı görülən işlər, kənar müdaxilələr barədə informasiyalar yayımlanır.

Məqsəd qəzaların, kənar müdaxilələrin və digər neqativ halların sıfıra endirilməsidir.

Hərəkətin təhlükəsizliyi

ADY dəmir yolu ərazisindən keçən şəxşlər üçün təhlükəsiz şərait təmin etmək məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bunun üçün yol ötürücüləri, keçid körpüləri, tunellər, xəbərdaredici siqnalizasiya sistemi quraşdırılır və təhlükəli ərazilər çəpərlənir. O cümlədən Abşeron dairəvi xətti ilə qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə xətt üzərində 12 yeraltı avtomobil tuneli, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə sistemi yenidən qurulub. Eyni zamanda xətt üzrə 110 kilometr yol daş və metal torlarla çəpərlənib.

Dəmiryol nəqliyyatında davranış qaydaları ilə bu keçid vasitəsilə tanış olmaq olar.

ADY hərəkətin təhlükəsizliyini ən müasir avadanlıq, yüksək texnologiya və innovativ proqramlarla təmin edir. Bu texnologiya ilə ayda bir dəfədən az olmayaraq baş yollar kompleks yoxlanılır.

Dəmir yollarında hərəkətin təhlükəsizliyinə risk yaradan əsas amil kənar müdaxilələrdir. 2023-cü il ərzində qatar yoluna qəfil insan çıxması səbəbindən maşinistlər 19 dəfə təcili tormozlama ediblər. Nəticədə 9 nəfər dünyasını dəyişib, 7 nəfər xəsarət alıb.

2024-cü ilin 9 ayı ərzində isə 14 belə hadisə baş verib. Nəticədə 5 nəfər xəsarət alıb, 9 nəfər vəfat edib.

2023-cü ildə avtomobil nəqliyyatı vasitələrinin qaydaları pozaraq qatarın qarşısına çıxması nəticəsində 29 toqquşma faktı qeydə alınıb. Bu qəzalar 5 nəfərin ölümünə, 9 nəfərin xəsarət almasına səbəb olub.

2024-cü ilin 9 ayında isə 20 toqquşma hadisəsi baş verib. Nəticədə 3 nəfər xəsarət alıb, 1 nəfər ölüb.

2023-cü ildə hərəkətdə olan yük və sərnişin qatarlarına 28 dəfə daş atılıb, 23 dəfə isə relslər üzərinə kənar əşyalar qoyulub.

2024-cü ilin 9 ayı ərzində 37 dəfə daş atma, 27 halda yolda kənar əşya hadisəsi baş verib.

Bu hadisələri törədərək hərəkətin təhlükəsizliyinə risk yaradan şəxslər qanunvericiliyə uyğun olaraq cərimələnirlər.

2023-cü ildə ADY-nin yük və sərnişin qatarları 39 dəfə nəzarətsiz buraxılmış mal-qara, təsərrüfat heyvanları ilə toqquşub.

2024-cü ilin 9 ayı ərzində isə 37 belə hadisə baş verib.

Dəmir yollarının mühafizəsinin fasiləsiz təşkili

ADY-nin inzibati binaları, anbarları, yardımçı sahələri, əmlakı və yolların mühafizəsi Mühafizə departamenti tərəfindən təşkil olunur.

ADY-də obyektdaxili rejim qaydalarına və buraxılış rejiminə nəzarət olunur.

Təyin olunmuş dislokasiya yerlərində və yollarda yanğın profilaktika (patrul) işləri aparılır, yanğınların söndürülməsində yanğın qatarlarından istifadə edilir.

Mülki müdafiə və fövqəladə hallarla mübarizə

ADY-nin stansiyalarının, məntəqələrinin, müəssisələrinin, ərazi və sahələrinin, eləcə də obyektlərin, yüklərin və hərəkət tərkiblərinin yanğından mühafizəsi və mülki müdafiə ilə bağlı tədbirlər görülür.

ADY-nin tərkibində fəaliyyət göstərən Mülki müdafiə şöbəsi Cəmiyyətin illik mülki müdafiə tədbirlər planına əsasən təlim-tədris məşğələlərinin keçirilməsini, Cəmiyyətin tabeliyində olan müəssisələrdə işçilərin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə mövcud kollektiv mühafizə qurğularının yararlı vəziyyətə gətirilməsini və işçilərin təxliyəsi üçün müvafiq tədbirlərin görülməsini həyata keçirir.

ADY-nin xüsusi qatarları həm dəmir yollarında, həm də onların yaxınlığında yanğınlarla mübarizə aparır. Hazırda su nasos stansiyası və digər müasir avadanlıqla təchiz edilən 10 ədəd yanğından mühafizə qatarı işləyir. Ölkənin müxtəlif regionlarında yerləşən bu qatarların sayının artırılması planlaşdırılır.

Həmçinin qatarların iştirakı ilə baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması və lokallaşdırılması məqsədilə Fövqəladə Hallar Qatarı İdarəsi fəaliyyət göstərir. İdarə 6 fövqəladə hallar qatarı, 10 dəmiryol kranı və 2 avtokran, 5 ekskavator, müxtəlif tipli traktorlar, özüboşaldan yük avtomobilləri və digər texnika ilə təchiz edilib.