Azərbaycan dəmir yolu ilk həmkarlar ittifaqı təşkilatı 1905-ci il oktyabrın 7-də Bakıda Zaqafqaziya, Vladiqafqaz və Orta Asiya dəmir yolları fəhlə və qulluqçularının konfransında yaradılıb.
SSRİ qurulandan sonra dəmiryolçuların həmkarlar ittifaqı təşkilatı Zaqafqaziya Dəmir Yolu Həmkarlar İttifaqı təşkilatının tərkibində fəaliyyət göstərib. 1955-ci il oktyabrın 13-də müstəqil Azərbaycan Dəmir Yolu təşkil edildikdən sonra Azərbaycan dəmiryolçularının həmkarlar ittifaqı müstəqil olaraq fəaliyyətini davam etdirib. 2001-ci ildən Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı (DMHİ) adlandırılıb.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Həmkarlar ittifaqı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 mart tarixli 87 nömrəli Qərarı ilə bağlanmış “Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023–2025-ci illər üçün Baş Kollektiv Saziş”ə və əmək münasibətləri sahəsində digər qanunvericilik aktlarına uyğun olaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə QSC-nin əmək kollektivinin səlahiyyətli nümayəndəsi olan Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı arasında 2023–2025-ci illər üçün Sahə Kollektiv Sazişi bağlanıb.
Sahə Kollektiv Sazişi dəmiryolçuların iqtisadi hüquq və mənafelərinin effektiv müdafiəsinin təmin edilməsi, qarşılıqlı əlaqələrin iqtisadi tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı anlaşma və maraqlar əsasında razılaşdırılmış öhdəliklərin icrası, işçilərin əməyinin müdafiəsi, əmək şəraitinin yaxşılaşdırılması, əməyin ödənilməsi, mühafizəsi və digər əmək münasibətləri üzrə zəruri tədbirlərin həyata keçirilməsi sahəsini tənzimləmək məqsədilə imzalanıb. Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı öz üzvlərinin hüquq və maraqlarının müdafiəsini həyata keçirir və Sazişdə nəzərdə tutulan müddəalar yalnız öz üzvlərinə şamil edilir.
Sazişə əsasən, DMHİ işçilərin və onların ailə üzvlərinin yay mövsümündə “Lokomotiv İstirahət Mərkəzi” MMC-də, digər təyinatlı sanatoriyalarda və ya tam təchizatlı istirahət mərkəzlərində güzəştli şərtlərlə istirahətini təşkil edir. DMHİ-nin təmsilçisi olan “Lokomotiv İstirahət Mərkəzi” MMC Xaçmaz rayon Nabran qəsəbəsində yerləşir.
Həmçinin DMHİ tərəfindən Firudin Ağayev adına, “İlin ən yaxşı müəssisəsi”, “Əla yol işçisi – ilin ən yaxşı mütəxəssisi”, “İlin peşəkar gənci”, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” kimi müsabiqələr keçirilir, ADY əməkdaşları üçün futbol, voleybol, şahmat və dama turnirləri təşkil olunur.
Hazırda 16 min nəfərə yaxın üzvü olan DMHİ 6 birləşmiş, 49 ilk təşkilat, 128 sex təşkilat həmkarlar ittifaqı komitələrini əhatə edir.
DMHİ Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Ümumdünya Nəqliyyat İşçilərinin Həmkarlar İttifaqı Federasiyasının üzvüdür.