Strategiya 2030

Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri

ADY-nin Müşahidə Şurasının 16 fevral 2024-cü il tarixli iclasında Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri təsdiq edilib. “McKinsey & Company” nüfuzlu beynəlxalq məsləhət şirkətinin yaxından iştirakı ilə hazırlanmış sözügedən sənəd 3 strateji istiqamətdən, bu istiqamətlər üzrə həyata keçiriləcək 9 strateji proqramdan və hər bir proqramda 2-dən 7-dək olmaqla 36 strateji təşəbbüsdən ibarətdir.

1-ci istiqamət

  • Birinci istiqamət əməliyyatların səmərəliliyinin artırılması ilə maliyyə dayanıqlılığına nail olunmasıdır. Buraya:

  • əməliyyat mükəmməlliyini təmin etmək məqsədilə texniki xidmətdə yeni yanaşmalar tətbiq etməklə əməliyyatlarda səmərəliliyin artırılması üçün yükdaşıma qabiliyyəti və istifadə əmsalının optimallaşdırılması;

  • səmərəliliyi aşağı olan əməliyyatların miqyasının azaldılması və infrastruktur üçün potensial dəstəkdən istifadə üzrə təşəbbüslər aiddir.

2-ci istiqamət

  • İkinci istiqamət bazara fokuslanma, xidmət keyfiyyətinin yüksəldilməsi və kommersiya potensialının genişləndirilməsi yolu ilə yükdaşımaların həcminin davamlı olaraq artırılmasıdır. Bura:

  • ixrac və idxalda bazar mövqeyini qoruyub saxlamaqla Çin–Türkiyə və Rusiya–Türkiyə ticarətindən daha çox potensial əldə etmək üçün tranzit və daxili ticarətə, xüsusilə Şərq-Qərb və Şimal-Qərb dəhlizlərinə daha çox diqqət yetirilməsi;
     

  • ticarət sinerjisi yaratmaq üçün digər dəmir yolları və nəqliyyat növləri ilə regional tərəfdaşlıqdan istifadə edilməsi;

  • bazar oriyentasiyasını artırmaq üçün birbaşa satış imkanları və rəqabətli/dinamik tarif mexanizminin yaradılması üzrə təşəbbüslər daxildir.

3-cü istiqamət

  • Üçüncü istiqamət kritik təkanverici amillərə fokuslanmaqdır. Bura:

  • regional və gələcək qlobal tərəfdaşlıqlar vasitəsilə təhlükəsizlik və mühafizənin təmin olunması öhdəliklərinin yerinə yetirilməsi;

  • ətraf mühitlə bağlı öhdəliklərin davamlı olaraq yerinə yetirilməsi və ekoloji təsirlərin azaldılması;

  • biznes seqmentləri üzrə hesabatlılığın təmin edilməsi məqsədilə virtual hesabatlıq və ehtiyacları qarşılamaq üçün rəqəmsal transformasiya istiqamətində seçilmiş tədbirlər üzrə təşəbbüslər daxildir.

Strateji hədəflər:

- Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv istifadə edilməsinə nail olmaq;

- Bunun sayəsində ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə önəmli töhfə vermək;

- 2030-cu ilədək tranzit daşımaların illik həcmini 2-4 dəfə artırmaqdır.

Rəqəmlərə çevirdikdə bu, 2023-cü ildə 6,8 milyon ton olan illik tranzit daşımaların 2030-cu ildə 15 milyon tonadək (Şimal-Cənub dəhlizinin genişləndirilməsi üzrə ölkələrarası layihənin potensialı tam reallaşacağı təqdirdə 30 milyon tonadək) artırılması deməkdir. Ümumilikdə daşımaların analoji olaraq 18,2 milyon tondan 30 milyon tonadək (Şimal-Cənub dəhlizinin genişləndirilməsi üzrə ölkələrarası layihənin potensialı tam reallaşacağı təqdirdə isə 43 milyon tonadək) artırılması hədəflənir.

Sərnişin daşımalarında hədəf Abşeron dairəvi marşrutu üzrə və ümumilikdə ölkədə mobilliyin inkişaf templərini də nəzərə almaqla 2023-cü ildəki 7,2 milyon illik sərnişin sayını 2030-cu ilədək 15 milyon nəfərə çatdırmaqdır.

2030-cu ildən sonra ADY

ADY 2030-cu ildən sonrakı dövr üçün əsasən tranzit daşımaların artırılmasına hesablanmış keyfiyyətcə yeni xidmətlərin təqdim olunmasına fokuslanacaq. Belə ki:

- regional paylama və e–ticarət xidmətləri - regionda elektron faktura, çağrı mərkəzi, sığorta və geri qaytarmanın idarə edilməsi işləri üzrə əlavə dəyər yaradacaq e-ticarət mərkəzinin inkişaf etdirilməsi;

- təchizat zənciri mərkəzi xidmətləri – tranzit malları, xüsusilə də kənd təsərrüfatı məhsulları emalı, gübrə istehsalı, soyuq zəncirin logistikası, elektronika məhsullarının hazırlanması üzrə təchizat zənciri sistemində əlavə dəyər yaradacaq xidmətlərin təklif edilməsi;

- nəqliyyat xidmətlərinin ixracı – tranzit kommersiya fəaliyyətinin genişləndirilməsi üçün terminallar, yükgöndərmə xidmətləri, 3PL şirkətləri, hərəkət tərkibi üzrə aktivlərin konsolidasiyası;

- rəqəmsal nəqliyyat mərkəzi xidmətləri – nəqliyyatda müasir trendlərdən istifadə edərək anbarlama, aktivlərin izlənilməsi, 3-cü tərəf və podratçı logistikası üzrə regional startap qovşağının formalaşdırılması ilə bağlı fəaliyyət istiqamətlərinin şaxələndirilməsi planlaşdırılır.