Ləki–Qəbələ

Ləki–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir. Ümumilikdə layihə üzrə 122 süni mühəndis qurğusunun, Ağdaş dəmiryol dayanacağının, Qəbələ Dəmiryol Vağzalının və stansiyasının, Qəbələ dartı yarımstansiyasının tikintisi, həmçinin Hacıalı yarımstansiyasının təmiri işləri yerinə yetirilib.

asd

Qəbələ Dəmiryol Vağzalının ümumi sahəsi 2300 kvadratmetr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir.

2021-ci il mayın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Qəbələ Dəmiryol Vağzalının və Ləki–Qəbələ birxətli dəmir yolunun açılışı olub.

ADY 2023-cü ilin mart ayının 18-dən etibarən Bakı–Qəbələ–Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib. Marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir.