98 il əvvəl elektrikləşdirilmiş dəmir yolu

98 il əvvəl elektrikləşdirilmiş dəmir yolu

Azərbaycanda və keçmiş SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu olan Bakı–Sabunçu–Suraxanı xətti 6 iyul 1926-cı ildə istifadəyə verilib.

Azərbaycanda XIX əsrin sonunda dəmir yolu nəqliyyatının inkişafı ilə əlaqədar monumental vağzal binalarının inşası günün tələbinə çevrilmişdi. Məhz bu dövrdə Cənubi Qafqazın mühüm nəqliyyat qovşağı olan Bakıda “Tiflis” vağzalının unikal binası tikilmişdi. Buradan qatarlar həm Bakıətrafı kəndlərə, həm də regionun müxtəlif şəhərlərinə hərəkət edirdi. Neft bumu zamanı ərsəyə gələn vağzal binası Bakı şəhərinin nəqliyyat qovşağında dominant elementə çevrilmişdi. Bu vağzaldan neftçilər, müxtəlif sənaye sahələrində çalışan işçilər, şəhərətrafı məktəblərin müəllimləri və həkimlər mənzil başına çatmaq üçün yola düşürdülər.

1920-ci illərin əvvəllərindən artan sərnişindaşıma fonunda yeni vağzal binasının tikintisi zərurəti yaranmışdı. Həmin illərdə “Tiflis” vağzalı və Vağzal meydanı ansamblını tamamlayan yeni “Sabunçu” vağzalı inşa edildi. Əsində, “Sabunçu” vağzalı Azadlıq prospektindəki möhtəşəm vağzal binasından əvvəl mövcud idi.

1926-cı ilədək buradan şəhərətrafı ərazilərə gün ərzində buxarla işləyən 10-dan çox qatar saatda 16 kilometr sürətlə hərəkət edirdi. Bu parovozlar Sabunçudakı neft mədənlərinin yaxınlığında yerləşən fəhlə qəsəbələrini şəhər mərkəzi ilə birləşdirirdi. Bakı–Sabunçu yolunun əsas məqsədi Bakı neftinin daşınması və neft mədənlərində çalışan işçilərin hərəkətini təmin etmək idi.

İlkin olaraq Suraxanıyadək çəkilməsi planlaşdırılan 20 kilometrlik dəmir yolu xətti “Bakı–Sabunçu–Suraxanı” adlandırılmalı idi, lakin bu təşəbbüsün maliyyə baxımından rentabelli olmaması səbəbindən layihənin planında dəyişiklik edildi. Qatarların Sabunçuya ən yaxşı halda saat yarıma çatması nəzərə alınaraq, xəttin Suraxanıya qədər davam etdirilməsi məqsədəuyğun hesab edilmədi. Lakin hər şey xətlərin elektrikləşdirilməsindən sonra dəyişdi.

Hələ 1901-ci ildə Bakı yaxınlığındakı Bibiheybət kəndində elektrik stansiyası inşa edilmişdi. Məhz bu stansiyanın modernləşdirilməsindən sonra 1924-cü ildə onun resurslarının dəmir yollarının elektrikləşdirilməsinə yönəldilməsi barədə qərar verildi. Bu, təkcə Azərbaycan üçün unikal layihə deyildi. Belə ki, bu vaxtadək SSRİ-də ümumiyyətlə elektrik qatarı yox idi. Sakit okeandan Qara dənizə qədər olan ərazidə ilk elektrikləşdirilmiş dəmir yolu məhz 1926-cı ildə Bakıda çəkildi.

Elektrikləşmə işləri yekunlaşdıqdan sonra Bakı–Sabunçu xəttində sürət saatda 30 kilometrə çatdırıldı, qatarların hərəkət intervalı isə 17 dəqiqəyə endirildi. Artıq Bakı–Sabunçu elektrikləşdirilmiş dəmir yolunun qatarları lokomotiv, iki qoşma vaqon və poçt-baqaj vaqonundan ibarət idi. Beləliklə, bir vaxtlar tikintisi məqsədəuyğun hesab edilməyən Sabunçu–Suraxanı xətti işə salındı.

Tezliklə Bakı ilə Sabunçunu birləşdirən elektrikləşdirilmiş dəmir yolu xətti bütün Abşeron yarımadasını, bir müddət sonra isə Azərbaycanın əksər bölgələrini əhatə etdi.