Dəmiryol Muzeyinin tarixi eksponatı

Dəmiryol Muzeyinin tarixi eksponatı

Azərbaycan Dəmiryol Muzeyinin tarixi eksponatlarından biri də dəmiryol yağdanıdır.

Lokomotiv briqadaları və vaqon baxıcıları qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi olaraq lokomotiv və vaqonların təkər-buks avadanlığı kimi sürtünən hissələrini yoxlayırdılar. Təkər-buks avadanlığının qızması bəzən üzərində çatların əmələ gəlməsinə və nəticədə konstruksiyanın dağılmasına səbəb olurdu.

Belə halların qarşısını almaq üçün bu mexanizmlər və digər sürtünən hissələr vaxtında yağlanmalı idi. Bunun üçün yağdandan istifadə edilirdi.

Yağdanlar XX əsrin 60-cı illərinə – parovozlar və köhnə tipli vaqonların istismar olunduğu dövrün sonuna qədər istifadədə olub.

Dəmiryol Muzeyi Bakı sərnişin stansiyasının tarixi vağzal kompleksinə daxil olan üç binadan biri – köhnə Sabunçu vağzalının binasında (“28 May” metro stansiyasının yaxınlığında) yerləşir. Bu bina 6 iyul 1926-cı il tarixində, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolunun açılışı günündə istifadəyə verilib. Bakının Sabunçu vağzalı elektrik qatarlarını qəbul edən ilk vağzal binası olub.

Azərbaycan milli memarlıq ənənələrinə uyğun inşa edilmiş bina xarici görünüşünə və bir çox elemetlərinə görə Şirvanşahlar sarayını xatırladır. Binada milli şəbəkə sənəti üslubunda qurulmuş pəncərələr, binanın girişinin fasadının yuxarı hissəsində isə Şirvanşahlar dövrünə aid dekor, saat qülləsində daşdan yonulmuş aslan təsvirləri diqqət çəkir.

Muzeydə 2 eksponat zalı, kino zalı, mədəniyyət və korporativ tədbirlərin təşkili üçün salonlar fəaliyyət göstərir. Burada vaxtaşırı olaraq imza günləri, qiraət saatları, kitab və rəsm sərgiləri, ictimai xadimlərlə görüşlər və s. kimi tədbirlərin təşkili nəzərdə tutulub.

Zallarda ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar, o cümlədən XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, qatar modelləri nümayiş olunur. Həmçinin Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dəmir yollarının inkişafında göstərdiyi misilsiz xidmətlərin əks olunduğu fotoguşə yaradılıb.