İlk dəmir yolu xəttinin çəkilməsində Hacı Zeynalabdin Tağıyevin rolu

Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev böyük sərvət sahibi kimi deyil, daha çox maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalıb. Dəfələrlə Bakı Şəhər Dumasının üzvü seçilən H.Z.Tağıyev şəhərin mühüm problemlərinin həllində, qərarların qəbulunda iştirak edib.
O, həm də Bakı neftini Xəzər dənizi və Zaqafqaziya dəmir yolları vasitəsilə ixrac edən sahibkarlardan idi. H.Z.Tağıyev bir neçə nəqliyyat vasitəsinə, eləcə də dəmir yolu vaqon-sisternləri parkına malik idi. Bu cür nəqliyyat vasitələrinə sahib olmaq H.Z.Tağıyevə neft məhsullarının daşınması ilə məşğul olan şirkətlər arasında xüsusi mövqe tutmaq imkanı verirdi.
XIX əsrin sonlarında Bakıda dəmir yolu xəttinin çəkilişi günün tələbinə çevrilmişdi. Həmin vaxt dəmir yolunun tikintisi üçün əsas vəzifələrdən biri tez bir zamanda Balaxanı və Suraxanı zolağına düşən ərazilərin özgələşdirilməsi prosesini həyata keçirmək idi. Şəhər rəhbərliyi bu torpaqların qiymətləndirilməsini məhz H.Z.Tağıyevin rəhbərlik etdiyi ictimai komissiyaya tapşırmışdı. Komissiya araşdırma apararaq 21 desyatindən çox olan özgələşdirilən torpaq sahələrini 34 580 rubl miqdarında qiymətləndirmişdi.
Beləliklə, 1878-ci ilin sonlarında uzunluğu 19 km, eni 1524 mm olan Bakı–Sabunçu–Suraxanı dəmir yolunun inşasına başlanıldı.
Bakıda atla hərəkətə gətirilən ilk dəmir yolu nəqliyyat vasitəsi – konkanın işə salınması da H.Z.Tağıyevin birbaşa təşəbbüsü və iştirakı ilə mümkün olmuşdu.
1887-ci ildə Azərbaycan milyonçusu H.Z.Tağıyev daxil olmaqla beş mesenat “Atlı dəmir yolu” Səhmdar Cəmiyyətini təşkil edirlər. Bakı konkası ilk dəfə 7 (19) aprel 1889-cu ildə istismara verilir. Səhmdar Cəmiyyətin ilk sədri H.Z.Tağıyev olur.
Bakı konkası üçün iki tip vaqondan istifadə edilirdi: yay və qış vaqonları. 1895-ci ildə konkanın artıq dörd xətti mövcud idi.
Bu konka bütün imperiyada nadir konkalardan idi ki, burada siqaret çəkmək qadağan edilmişdi. Gediş haqqı 5 qəpik idi.
XX əsrin əvvələrində Qara şəhər istiqamətində mövcud olan konka xətləri buxarlı tramvayla, sonradan isə elektrikli tramvayla əvəzləndi.