Prezident İlham Əliyev: Azərbaycanın beynəlxalq qovşağa çevrilməsi üçün fəal iş aparılır

Prezident İlham Əliyev: Azərbaycanın beynəlxalq qovşağa çevrilməsi üçün fəal iş aparılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnaməsini qəbul edib.

Dövlətimizin başçısı neft-qaz və yaşıl enerji sahələrinə investisiyaların cəlb olunması ilə bağlı Azərbaycanda böyük işlərin həyata keçirildiyini deyərək ölkəmizin yaşıl enerji və nəqliyyat sahələrində beynəlxalq qovşağa çevrilməsi istiqamətində də fəal mərhələdə işlərin aparıldığını bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın açıq dənizlərə çıxışı olmasa da, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşir:

“Biz ən böyük beynəlxalq yükdaşıma donanmalarından biri daxil olmaqla, ən müasir nəqliyyat infrastrukturu, dəmir yolu və avtomobil yolu, dəniz limanları və hava yolları şirkətlərini yaratmağa müvəffəq olmuşuq”.

Azərbaycan Prezidenti deyib ki, bütün bunlar beynəlxalq əməkdaşlıq üçün möhkəm platforma yaradır və bu dəhliz Azərbaycan vasitəsilə Şərqlə Qərb arasında daşımalar üçün ən yaxşı marşrutdur.

Dövlətimizin başçısı Azərbaycanda yükdaşımaların həcminin daim artdığını qeyd edərək hazırda nəqliyyat infrastrukturu, o cümlədən gömrük sahəsində rəqəmsallaşmanın fəal surətdə aparıldığını bildirib və vurğulayıb ki, bu da daşımaların həcminin artırılması və rahat şəkildə həyata keçirilməsi işinə xidmət edəcək.

Danimarka səfiri Azərbaycanın uğurlu inkişaf strategiyasının olduğunu və bu xüsusda ölkəmizin regionun nəqliyyat-logistika mərkəzinə çevrilmək niyyətini təqdir etdiklərini diqqətə çatdırıb.

Danimarkanın öz regionunda nəqliyyat sahəsində böyük təcrübəyə malik olmasına və bu sahədə Danimarka şirkətlərinin fəallığına toxunularaq ölkələrimiz arasında nəqliyyat-logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib və bu istiqamətdə böyük perspektivlərin olduğu vurğulanıb.