1880
1880-ci ildə Azərbaycanın ilk dəmir yolu xətti istifadəyə verildi. Uzunluğu 20 kilometr olan Bakı–Sabunçu–Suraxanı dəmir yolunun inşası 1878-ci ilin sonunda başladı. Bakıda sadə sərnişin vağzalı binası inşa olundu. 1880-ci il yanvarın 20-də bu yolun təntənəli açılışı oldu. Həmin gün Azərbaycanda dəmir yolunun yaranma tarixi hesab olunur. Əvvəlcə Bakı–Sabunçu–Suraxanı dəmir yolu yalnız neftin nəqli üçün istifadə edilirdi. Bu xətlə dünyada ilk dəfə neftin vaqon-sisternlərlə daşınmasına başlanıldı. Amma çox keçmədi ki, eyni marşrutla sərnişin daşınmasına da start verildi. Bakıdan Sabunçuya 50–60 dəqiqəyə, Bakıdan Suraxanıya 90 dəqiqəyə çatmaq olurdu. Abşeron yarımadasında boru kəmərləri şəbəkəsinin genişlənməsi ilə Bakı–Sabunçu–Suraxanı dəmir yolu xətti bütünlüklə sərnişinlərin xidmətinə verildi.

1883
1883-cü ildə Bakı–Yelizavetpol(Gəncə)–Tiflis magistral dəmir yolu işə salındı. Azərbaycanın ilk yük stansiyası olan Bakı yük stansiyasından Tiflis istiqamətində dəmir yolu ilə ilk neft 1883-cü ilin mayın 8-də göndərildi. Tiflis şəhəri dəmir yolu vasitəsilə Poti şəhəri ilə bağlı olduğundan neft Qara dəniz sahillərinə qısa müddətdə çatdırılırdı. Lakin Poti limanı quruluşuna görə böyük həcmdə neftin aparılması üçün yararlı deyildi. Ona görə daha əlverişli olan Batum limanı qısa müddətdə iri həcmdə neft daşınması üçün lazımi avadanlıqla təchiz edildi və Tiflisdən Batuma dəmir yolu çəkildi. Bakı–Yelizavetpol–Tiflis magistral dəmir yolunun davamı Tiflis–Qori–Kutaisi–Poti–Batum yolu olduğundan dəmir yolu vasitəsilə Xəzər dənizi ilə Qara dəniz sahilləri birləşdirildi.

1884
1884-cü ildə Bakıda “Tiflis vağzalı” istifadəyə verildi. İlk vağzal binası, əsasən, neft mədənləri və neft limanına fəhlələrin daşınması üçün nəzərdə tutulduğundan turist qismində gələn sərnişinlərin, eləcə də Tiflis–Bakı marşrutu ilə təşrif gətirən Rusiya məmurları və xarici iş adamlarının qəbulu üçün yararlı deyildi. Sürətlə inkişaf edən Bakı şəhərinin vizit kartı rolunu oynaya biləcək müasir dəmir yolu vağzalına ehtiyac var idi. “Tiflis vağzalı” adını almış Bakı dəmir yolu stansiyasının vağzal layihəsi 1882-ci il noyabrın 10-da təsdiqləndi. Layihənin müəllifi Bakı–Tiflis dəmir yolunun memarı vəzifəsində çalışan Xrisanf Konstantinoviç Vasilyev idi. Vağzalın təntənəli açılışı 1884-cü il yanvarın 10-da keçirildi. “Tiflis vağzalı” imperiyanın ən gözəl vağzallarından sayılırdı.

1900
1900-cu ildə Azərbaycan ərazisi Rusiya imperiyasının dəmir yolu şəbəkəsi ilə birləşdirildi. 1896-cı ildə Port-Petrovsk(Maxaçqala)–Dərbənd, 1897-ci ildə Bakı–Dərbənd dəmir yollarının inşasına icazə verildi. Xəttin texniki-iqtisadi əsaslandırmasında xüsusilə qeyd olunurdu ki, Bakıda istehsal olunan malların Rusiyaya çıxarılması üçün qısa yola ehtiyac böyükdür. 1900-cü ildə Bakı–Biləcəri–Dərbənd–Port-Petrovsk(Maxaçqala) dəmir yolu inşa olundu. Bakı–Dərbənd yolu inşa olunandan sonra şimala göndərilən neftin həcmi artdı: 1883-cü ildə Bakıdan şimala 12,5 mln. pud (205 min ton) neft, 1901-ci ildə isə 51,6 mln. pud (845 min ton) neft daşınmışdır.

1918
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin elan olunduğu gün Fətəli xan Xoyskinin təşkil etdiyi hökumət kabinəsində ilk nazirliklərdən biri Azərbaycan Xalq Cümhuriyyəti Yollar Nazirliyi idi. Nazirliyin tərkibində başqa idarələrlə bərabər, Azərbaycan Dəmir Yolu İdarəsi və Azərbaycan Dəmir Yolunun Mühafizəsi İdarəsi yaradıldı. İlk yollar naziri vəzifəsinə hələ Zaqafqaziya Cümhuriyyəti hökumətində yollar naziri işləmiş, dəmir yolu işləri sahəsində böyük təcrübəsi olan məşhur ixtiraçı-mühəndis Xudadat bəy Məlik-Aslanov təyin olundu. Sonrakı dörd hökumət kabinələrində də yollar naziri vəzifəsini X.Məlik-Aslanov tutub.

1926
1926-cı ildə Bakıda SSRİ-nin ilk elektrikləşdirilmiş dəmir yolu işə başladı. 1924 -cü ilin fevralında Bakıda tramvay xətti işə salındı. Tramvayın ucuz nəqliyyat növü olması Bakıətrafı ərazilərə də elektrik dəmir yolunun çəkilməsi ideyasının yaranmasına səbəb oldu. Bakı Soveti bu qərarı 1924-cü il fevralın 29-da qəbul etdi. Fövqəladə səylər hesabına bütün tikinti işləri 18 ay əvəzinə 14,5 aya yerinə yetirildi. 1926-cı il iyulun 6-da Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu işə başladı. Bu təkcə Azərbaycanda deyil, SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu idi. Elektrik dəmir yolunun üstünlükləri o dərəcədə aşkar idi ki, əhali məmnuniyyətlə ondan istifadə edirdi. 1926–1931-ci illərdə Bakı–Sabunçu–Suraxanı xətti ilə 10 milyon sərnişin daşınmışdı.

1941-1945
Azərbaycan dəmir yolları alman-sovet müharibəsi dövründə faşizm üzərində qələbəyə böyük töhfə verdi. 1941–1945-ci illərdə Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqon yük cəbhəyə göndərildi. SSRİ-nin işğal edilmiş ərazilərindən təxliyə olunmuş zavod və fabriklərin, eləcə də qaçqınların ölkənin ucqarlarına çatdırılmasında, eləcə də canlı qüvvənin cəbhə bölgəsinə daşınmasında Azərbaycan dəmir yolları mühüm rol oynadı. Azərbaycan lend-lizin (Qərb dövlətlərinin SSRİ-yə göstərdikləri hərbi yardım siyasəti) Transiran marşrutunda əsas logistika mərkəzi olduğundan buradan çoxlu sayda texnika, silah-sursat, strateji xarakterli xammal, ərzaq və sənaye məhsulları daşınırdı.

1955
1955-ci ildə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu statusu aldı. Azərbaycan polad magistralı öz fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil edilib, sonradan isə müstəqil dəmir yolu kimi faəliyyət göstərib. O cümlədən Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il tarixli qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Azərbaycan Prezidenti İlham Əliyev 7 oktyabr 2005-ci il tarixində “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncam imzaladı. Bu sərəncama əsasən Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı hər ilin məhz oktyabrın 13-ü qeyd edilir.

1979
1979-cu ildə Ağdam–Xankəndi dəmir yolu inşa olundu. Bu layihə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirildi. Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgələrinə dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətləndi, Qarabağın Bakı ilə əlaqələri daha da möhkəmləndi. 1990-cı illərin əvvəlində Ermənistanın təcavüzü nəticəsində bu xəttin Ağdam, Əsgəran və Xankəndi stansiyaları işğal edildi.

1991-1994
Erməni təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının mühüm hissəsi işğal altında qaldı. Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində iqtisadiyyatın digər sahələri kimi respublikanın dəmir yolu təsarrüfatına da külli miqdarda ziyan vurulub. Belə ki, infrastruktur və texnika ilə birlikdə 240 km-dən artıq dəmir yolu xətti işğal edilib. Culfa–Mincivan–Horadiz (o cümlədən Ermənistan ərazisindən keçən Mehri–Kərçivan) və Yevlax–Xankəndi dəmir yollarının fəaliyyəti dayandırıldı. Qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının müdafiəsinə dəmiryolçular öz layiqli töhfəsini verib. Yüzlərlə dəmiryolçu cəbhəyə yollanaraq düşmənlə üz-üzə vuruşub. Həmçinin dəmir yollarına məxsus sanitar qatarları yaralıları ən ağır cəbhə bölgələrindən çıxarır, onlara tibbi yardım göstərirdi.

2009
2009-cu ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. “Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə yaradıldı. Nazirlər Kabinetinin müvafiq qərarı ilə 15 fevral 2010-cu ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnaməsi və strukturu təsdiq olundu. 2015-ci il sentyabrın 18-də “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq müstəqil qurum elan edildi. Bu qərar “Azərbaycan Dəmir Yolları”-nın daha operativ və çevik fəaliyyət göstərməsinə imkan verdi.

2014-2018
“Stadler Rail Group”la əməkdaşlıq çərçivəsində 2015–2018-ci illərdə ölkədaxili və Abşeron dairəvi dəmir yolu xətti üzrə marşrutlarda istifadə edilməsi üçün sinfinin ən yaxşılarından olan elektrik qatarları alınıb.
2015-ci ildən etibarən Bakı–Sumqayıt–Bakı xətti üzrə müasir qatarlar istismara buraxılıb, 2017-ci ilin əvvəlinədək Abşeron dairəvi dəmir yolu xətti üzrə 200 km magistral dəmiryol xətləri təmir olunub, Bakı Dəmiryol Vağzalı yenidənqurmadan sonra tam yeni xidmət infrastrukturu ilə sakinlərin istifadəsinə verilib, Abşeron dairəvi dəmir yolu xəttində sərnişindaşıma xidmətini bərpa etmək üçün 110 kilometr uzunluğunda Bakı–Sabunçu–Pirşağı–Sumqayıt–Xırdalan–Biləcəri–Bakı xətti inşa olunub.

2017
ADY-nin aktiv və birbaşa iştirakı ilə Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti inşa edilib və 2017-ci ildə açılışı olub. 2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə verildi. Tikintisi 2007-ci il noyabrın 27-də başlayan Bakı–Tbilisi–Qars dəmir yolunun təntənəli açılışı 2017-ci il oktyabrın 30-da olub. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı–Tbilisi–Qars xəttinin fəaliyyəti “Şərq–Qərb” nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb. Artıq Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu yerləşdiyi regionda sabitliyə və təhlükəsizliyə xidmət göstərir. Yaxın gələcəkdə Bakı–Tbilisi–Qars xətti ilə sərnişinlərin daşınmasına da start veriləcək.

2018-2020
2018-ci ildə Bakı–Gəncə–Bakı marşrutu üzrə müasir qatarlar istismara verildi.
2018–2020-ci illərdə Sumqayıt və Sabunçu dəmiryol vağzalları, həmçinin Zabrat-1, Məmmədli dayanacaqları, Zabrat-2 stansiyası yenidən qurularaq sakinlərin istifadəsinə verilib, 2019-cu ildə Abşeron dairəvi dəmir yolunun Sabunçu–Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub. 2020-ci il martın 18-də isə Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi dəmir yolu xətti tam istismara verildi. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Bu yol Bakının və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən birinə çevrildi.
Vətən müharibəsi dövründə gücləndirilmiş iş rejimində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC ölkənin ərazi bütövlüyünün bərpa edilməsində əhəmiyyətli rol oynadı. 44 gün davam edən müharibə ərzində dəmirolçular cəbhəboyu zonada yerləşən stansiyalara və geriyə müxtəlif yüklər, o cümlədən hərbi texnika, qida məhsulları və yanacaq daşıyıblar. Düşmənin qənimət götürülmüş texnikaları da Bakıya dəmir yolları ilə gətirilib. Gecə-gündüz fədakarlıqla çalışan polad magistral əməkçiləri özlərinə bir şüarı rəhbər tutmuşdurlar: “Vaxtında cəbhəyə çatdırılan hər bir qatar düşmənə vurulmuş ağır zərbədir!” Bundan əlavə, cəsarət təcəssümü olan Vətən müharibəsində 300-ə yaxın dəmiryolçu döyüşlərdə iştirak edib, 4 nəfər şəhidlik zirvəsinə ucalıb, həmçinin 125 nəfər müxtəlif medallarla mükafatlandırılıb. Müharibə bitdikdən sonra işğaldan azad edilən ərazilərdə yerləşən dəmir yolu xətlərinin bərpasına start verilib.

2021
2021-ci ildə Prezident İlham Əliyev Horadiz–Ağbənd və Bərdə–Ağdam dəmir yolu xətlərinin təməlini qoyub. Bir qədər sonra xətlərin layihələndirilməsi və tikintisinə başlanılıb.

2022-2024
2022–2023-cü illərdə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının tikintisi tamamlanıb, 2023-cü ildə Kür çayı üzərində ikinci yeni dəmir yolu körpüsü tikilib, Araz və Kür çayları üzərində dəmir yolu körpüləri əsaslı təmir edilib.
"Stadler" şirkətinə məxsus 10 yeni dizel və elektrik qatarı 2023-cü ilin sonları və 2024-cü il ərzində ölkəyə çatdırılaraq qatar parkına əlavə olunub. Yeni qatarların alınması ilə paralel olaraq 2023-cü ildə “Stadler Rail Group” şirkəti ilə Regional Servis Mərkəzinin yaradılması barədə müqavilə imzalanıb.
2023-cü ildə ilk dəfə Bakı–Qəbələ–Bakı marşrutu üzrə sərnişindaşımaya başlanılıb, “ADY Mobile” tətbiqi istifadəyə verilib. 2023-cü ildə Bakı–Gəncə–Bakı marşrutu Ağstafayadək uzadılıb, həmin il Qovlar və Dəllərə, 2024-cü ildən isə Ləki və Ucara yenidən dayanacaq verilib.
2023-cü ilin noyabrından 164 km uzunluğu olan Yevlax–Balakən sahəsində genişmiqyaslı təmir işləri aparıb, yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, çatışmayan yol nişanları əlavə olunub. Həmçinin Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən sonra ilk dəfə bərpa edilməyə başlanıb.
2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olmaqla ADY ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) sahələrini əhatə edən fəaliyyət proqramını daha da təkmilləşdirib, 2024-cü ildə ilk Dayanıqlılıq hesabatını təqdim edib.

2023-cü ildə 303 yeni platforma alınıb, yükdaşımaların təhlükəsiz təşkili üçün lokomotiv parkını sağlamlaşdırmaq məqsədilə 17 lokomotiv Qazaxıstan və Latviyaya göndərilib, onlardan 12-si ölkəyə çatdırılıb.
2023-cü ildə Azərbaycan Dəmiryol Muzeyi fəaliyyətə başlayıb.
BTQ xəttinin imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ilin may ayından dəmir yolunun Gürcüstan hissəsində aparılmış modernləşdirilmə işləri 2024-cü ilin mayında tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Orta Dəhlizin tək Şərq-Qərb marşrutu kimi yox, həm də Qərb-Şərq nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək məqsədilə 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib.
2024-cü ildə ADY beynəlxalq ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi Standartına uyğunluğunu təsdiq edən beynəlxalq sertifikat əldə edib.

2025
2025-ci ildən Bakı–Balakən–Bakı istiqamətində müntəzəm qatar reyslərinə start verilib.
