Tikintisi 2007-ci il noyabrın 27-də başlayan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin təntənəli açılışı 2017-ci il oktyabrın 30-da olub. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan BTQ-nin fəaliyyəti Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb.
Artıq Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən Bakı–Tbilisi–Qars dəmir yolu yerləşdiyi regionda sabitliyə və təhlükəsizliyə xidmət göstərir.
2024-cü ildə BTQ-nin Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.
BTQ dəmiryol xəttinin Gürcüstandan keçən hisssəsi üzrə təmir işləri işlər 5 mərhələdən ibarət olub: Marabda–Tetriskaro, Tetriskaro–Tsalka, Tsalka–Axalkalaki, Axalkalaki–Kartsaxi və Axalkalaki kompleksi. 110 ha sahəyə malik Axalkalaki kompleksinin çərçivəsində bir estakada, 2 suötürücü, 4 körpü, 2 yol ötürücüsü və 2 yeraltı piyada keçidinin təmiri, ərazidə qardan mühafizə divarlarının tikilməsi, 17,9 km yeni kontakt şəbəkənin quraşdırılması, dartı yarımstansiyasının gücünün artırılması, 48 km stansiya daxili yolun, 3,9 km avtomobil yolunun inşası və s. həyata keçirilib. Eyni zamanda, kompleksin tikintisində yeni texnologiyalar tətbiq edilib, Avropa istehsalı olan müasir avadanlıqlardan istifadə olunub.
Modernləşdirmə işləri tamamlandıqdan sonra 20 maydan etibarən yükdaşımaların bərpa edildiyi Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə ilk yük Türkiyəyə yola salınıb. 20 konteynerdən ibarət qatar 632 ton plastik xammalı Bakıdan Qarsa çatdırıb.
Modernləşdirilmiş BTQ xətti Çin və Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsinin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınmasına imkan verir.
Orta Dəhliz və modernləşdirilmiş BTQ dəmir yolu xəttinin geniş imkanlarının müzakirəsindən sonra 2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Liyanyunqanqdan etibarən yüklərin test rejimində göndərilməsinə başlanılıb.