Bərdə–Ağdam

Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 24.11.2020-ci il tarixli 2305 nömrəli Sərəncamına əsasən başlanılıb. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir. Dəmir yolu tək xətlidir və tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Layihə çərçivəsində ümumilikdə 130 ədəd mühəndis qurğusunun, 5 stansiyanın (Bərdə, Köçərli, Təzəkənd və Ağdam) və 34 yoldəyişən qurğunun tikintisi planlaşdırılır.

Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km, yan yollarla birlikdə uzunluğu isə 57,857 km təşkil edir. Dəmir yolu tək xətlidir və elektrikləşdirilməyib.

10 may 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bərdə-Ağdam dəmir yolu xəttinin və Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi açılışı olub.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər, avtovağzal isə1300-1500 nəfər sərnişinə xidmət edəcək.

Ərazisi 8 hektara yaxın olan kompleksdə bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.
Sərnişinlərin həm qatar perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunub.