Horadiz–Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 13.03.2021-ci il tarixli 2534 nömrəli Sərəncamına əsasən başlanılıb. Ox üzrə uzunluğu 110,4 km, yan yollarla birlikdə 140,6 km-dir. Dəmir yolu tək xətlidir və tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
Layihə çərçivəsində ümumilikdə 534 ədəd mühəndis qurğusunun, 8 stansiyanın (Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) tikintisi və 70 yoldəyişən qurğunun quraşdırılması planlaşdırılır.
Dəmir yolu xəttinin layihələndirilməsi 83% yerinə yetirilib. Layihə üzrə torpaq işləri, süni qurğuların tikintisi, yolun üst quruluş elementlərinin quraşdırılması 65% yekunlaşıb. Dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir.
Dəmir yolu xəttinin ox üzrə 75,6 km hissəsi (yan yollarla birlikdə 87 km) tamamlanıb, uzun ölçülü relslərin 65,6 km-i quraşdırılıb.