Azərbaycan dəmir yollarının texniki tərəqqisi və hərtərəfli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə dəmir yolu infrastrukturunda mühüm nailiyyətlər əldə edilib, Azərbaycan dəmir yolu sistemi müasir texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz olunub, bu sahədə milli kadrların hazırlığına xüsusi diqqət yetirilib.
Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz Heydər Əliyevin təşəbbüsü və ciddi nəzarəti sayəsində inşa edilib. 1970-ci illərdə Azərbaycan dəmir yollarında dövr üçün arxaizm olan parovozlar istifadədən tam çıxarıldı, onları teplovoz və elektrovozlar əvəz etdi. 1970-ci illərin ən böyük nailiyyəti əsas xətlərin elektrikləşdirilməsi oldu. Azərbaycanın bütün dəmiryol xətləri, o cümlədən Bakı–Böyük Kəsik, Bakı–Yalama hissələri və digər xətlər elektirləşdirildi.
1979-cu ildə Bakı–Moskva xəttinin elektrikləşdirilməsi ilə Azərbaycanın dəmir yolu SSRİ-nin əsas dəmir yollarının elektrikləşdirilmiş xətləri ilə birləşdirildi. Dəmir yollarının elektrikləşdirilməsi bütün mövcud infrastrukturun modernləşdirilməsi problemini ortaya çıxardı. Heydər Əliyevin qayğısı sayəsində bu böyük iş tez bir zamanda həyata keçirildi. 1970-ci illərdə Bakı deposunda elektrik qatarları vaqonlarının mexaniki yuyulması üçün yeni qurğular quraşdırıldı. Böyükşor deposu bütünlüklə elektrik qatarlarının təmiri və baxışı üçün avadanlıqla təmin edildi və 1977-ci ildə Bakı deposu ilə birləşdirildi. 1979-cu ildə Şirvan dairəvi deposu inşa olundu.
1975-ci ildə açılan Keşlə vaqon deposunda Cənubi Qafqazda konteynerlərin təmiri üzrə yeganə xüsusiləşdirilmiş müəssisə istifadəyə verildi. Culfada vaqon deposu, Gəncədə yük vaqonlarının təmiri üzrə depo, Ələtdə müasir refrijerator vaqon deposu işə salındı.
1979-cu ildə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam–Xankəndi dəmir yolu inşa olundu. Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgələrinə dəmiryol xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətləndi.
1981-ci ildə Yevlax–Şəki–Balakən dəmir yolunun inşasına başlanılıb. 1980-ci illərdə SSRİ rəhbərliyində məsul vəzifədə çalışmasına baxmayaraq, Heydər Əliyev bu yolun inşasına xüsusi diqqət yetirirdi. 1985-ci ildə Bakı–Yevlax–Şəki–Balakən dəmir yolunun açılışı Azərbaycanın şimal-qərb bölgələrinin inkişafını daha da sürətləndirdi. 1989-cu ildə Culfa–Şərur və Əli Bayramlı–İmişli yolları açıldı.
Görülmüş işlər nəticəsində Azərbaycan dəmir yollarında daşınan yüklərin həcmi rekord göstəriciyə çatdı. Artıq 1987-ci ildə Azərbaycan dəmir yolları ilə 120 milyon ton yük daşınmışdı. 1980-ci illərdə ölkədə yüklərin 80%-i, sərnişinlərin isə 50%-i dəmir yolları ilə daşınırdı.
1970-ci illərdə sərnişindaşımanın artması ilə könhə vağzal binaları tələbata cavab vermirdi. Yeni, daha müasir vağzal binasına ehtiyac yarandı. Bakının “Tiflis” vağzalı ilə metro stansiyası arasında yeni vağzal binasının inşasına başlanıldı. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan yeni Bakı vağzalı Qafqazda ən böyük vağzal idi. 1976-cı ildə yeni dəmiryol vağzalının təntənəli açılışı oldu. Vağzal binaları təkcə Bakıda deyil, regionlarda da inşa edilirdi.
Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra da dəmir yollarının inkişafına xüsusi diqqət yetirdi. 1996-cı ildən Azərbaycan dəmir yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizində iştirak etməyə başladı. Buna nail olmaq üçün Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti qonşu ölkələrin rəhbərləri və beynəlxalq nəqliyyat qurumları ilə gərgin danışıqlar apardı.
1998-ci il yanvarın 4-də Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Dübəndi neft terminalının və stansiyasının açılış mərasimi keçirildi. Stansiyada quraşdırılan avadanlıq ekoloji baxımdan təhlükəsiz şəraitdə və tez bir zamanda sisternləri neftlə doldurub yola salmağa imkan verirdi.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7–9-da Bakıda 13 dövlət və 32 beynəlxalq təşkilatın iştirakı ilə Böyük İpək Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Tədbirdə bir sıra mühüm sənədlər, o cümlədən “Beynəlxalq tranzit daşınmaları haqqında əsas çoxtərəfli razılıq”, “Dəmir yolu daşımaları sahəsində əməkdaşlıq barədə” müqavilə qəbul edildi.
Baykal–Amur Magistralının inşasında Heydər Əliyevin böyük rolu
Ulu Öndər Heydər Əliyevin dünyanın ən böyük dəmir yolu layihələrindən biri olan Baykal–Amur Magistralının (BAM) inşasında da xüsusi rolu olub. Həmin vaxt SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyev 1979-cu ildən BAM-ın tikintisi və istismara verilməsi üzrə komissiyaya rəhbərlik edərək resursları səfərbər edir və ən mürəkkəb məsələlərin həllini tapırdı. Heydər Əliyev BAM-ın tikintisinin gedişinə sadəcə nəzarət etmirdi, bütün magistral boyunca səyahət edərək, hər stansiyada dayanaraq inşaat prosesi ilə yaxından tanış olurdu.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə azərbaycanlı mütəxəssislər magistralın ən vacib stansiyalarından birini – Buryatiyadakı Anqoyanı inşa etdilər. Onların fədakar əməyinə minnətdarlıq əlaməti olaraq 2008-ci ildə stansiyaya Heydər Əliyevin adı verildi.
Ulkan stansiyası da Azərbaycan inşaatçıları tərəfindən tikilib. Stansiyanın binasının bəzək işlərində milli ornamentlərimizdən istifadə edilib.
1984-cü ilin payızında Heydər Əliyev Balbuxta stansiyasında “qızıl mismar”ı vurdu və bununla da BAM-ın tikintisinin əsas mərhələlərindən biri başa çatdı.
Ümummilli Lider Heydər Əliyev BAM ilə bağlı xatirələri:
“Mənim xatirimdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qalıb. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak edib, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salıblar. BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaq”.
Azərbaycan dəmir yolu işçilərinin peşə bayramında – 2023-cü il oktyabrın 13-də Ümummilli Lider Heydər Əliyevin dəmir yollarının inkişafı istiqamətində gördüyü işlərə həsr olunan "Ömrün dəmir yolları" filmi hazırlanıb.
Filmdə Ulu Öndər Heydər Əliyevin bu sahədə yerli kadrların hazırlanmasına, Ağdam–Xankəndi dəmir yolu xəttinin çəkilməsinə, yeni stansiya və terminalların açılmasına xüsusi önəm verdiyi qeyd edilir.
Ulu Öndərdən sitatlar:
“Mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm”.
“Dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Dəmir yollarını biz Azərbaycanda on illərlə yaratmışıq, onun maddi-texniki bazasını qurmuşuq”.
“Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmir yolunun özü çox böyük intizam tələb edir”.
“Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi”.
“Azərbaycanda da dəmiryolçular həmişə qabaqcıl olublar. Dəmiryolçular həmişə fərqləniblər. Azərbaycanda dəmiryol peşəsi həmişə hörmətli peşə olub”.