Rəsmi xronika
Daha çoxUlu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu sahəsinin inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin 7 oktyabr 2005-ci ildə imzaladığı “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncama əsasən, hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün – Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Dövlət başçısının 20 iyul 2009-cu il tarixli sərəncamı ilə dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə 15 fevral 2010-cu ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnaməsi və strukturu təsdiq olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Dövlət proqramının icra edilməsi ilə Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yüklərin daşınmasında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətinin təmin olunması nəzərdə tutulmuşdu.
2015-ci il sentyabrın 18-də “Azərbaycan Dövlət Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq müstəqil qurum elan edilib. Bu qərar “Azərbaycan Dövlət Dəmir Yolları”nın daha operativ və çevik fəaliyyət göstərməsinə imkan verib.
Bu dövrdə Abşeron dairəvi dəmir yolu marşrutunun yenidən qurulmasına başlanılıb. Bakı–Sumqayıt elektrikləşdirilmiş dəmir yolunda istifadə olunması üçün İsveçrənin “Stadler Rail Group” şirkətindən ikimərtəbəli sürətli elektrik qatarları alınıb. Bakı–Böyük Kəsik marşrutu üzrə istifadə olunması üçün Fransanın “Alstom” şirkətindən elektrovozların alınması haqqında müqavilə imzalanıb.
2015-ci il sentyabrın 12-də Bakı–Sumqayıt marşrutu ilə hərəkət edən ilk sürətli sərnişin qatarının yola salınması mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib.
2017-ci il fevralın 10-da Bakı dəmir yolu vağzalının yenidənqurma işlərindən sonra açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak ediblər.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq dəhlizlər üzrə rolunun artırılmasına, Şimal-Cənub, Şərq-Qərb marşrutları üzrə dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Şərq-Qərb dəhlizinin əsas seqmentlərindən biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xəttinin tikintisinə 2007-ci il noyabrın 27-də başlanılıb. 2017-ci il oktyabrın 30-da dəmir yolunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.
Dövlət başçısının xüsusi diqqəti sayəsində BTQ xətti artan yük tələbatını qarşılamaq məqsədilə modernləşdirilərək 2023-cü ilin may ayında yenidən istismara verilib.
Dövlət başçısı Vətən müharibəsində qazandığımız Böyük Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində dəmir yolu xətlərinin tikintisinə də böyük önəm verir.
Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən, Bərdə–Ağdam dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinə 2020-ci ilin dekabr ayının əvvəlində start verilib. Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Hər iki dəmir yolu xəttinin tikintisi uğurla davam etdirilir.
Azərbaycan dəmir yollarında əldə olunan nailiyyətlər ölkə başçısı İlham Əliyevin “Azərbaycan Dəmir Yolları” QSC-nin inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə böyük həssaslıqla, diqqətlə yanaşmasının bəhrəsidir.