Yeni xətlərin tikintisi

Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi

“Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 24.11.2020-ci il tarixli 2305 nömrəli Sərəncamına əsasən başlanılıb. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir. Dəmir yolu tək xətlidir və tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Layihə çərçivəsində ümumilikdə 130 ədəd mühəndis qurğusunun, 4 stansiyanın (Bərdə, Köçərli, Təzəkənd və Ağdam) və 34 yoldəyişən qurğunun tikintisi planlaşdırılır.

Dəmir yolu xəttinin ox üzrə 47,1 km hissəsi (yan yollarla birlikdə 57,857 km) tamamlanıb. 1-ci mərhələ üzrə torpaq işləri, süni qurğuların tikintisi, yolun üst quruluş elementlərinin və yoldəyişənlərin quraşdırılması 100% yekunlaşıb. Ağdam stansiyasının 6-cı yolunun  (vağzal binası ətrafında 300m-lik hissə istisna olmaqla) rels-şpal çərçivələrinin quraşdırılması tamamlanmışdır. Hal-hazırda dəmir yolunda yan qidalandırıcı elektrik işlərində Bərdə yarımstansiyasında tikinti-quraşdırma və elektrik dirəklərinin basdırılması işləri eləcədə Bərdə, Köçərli və Təzəkənd stansiyalarında tikinti quraşdırma işləri davam etdirilir.

Layihənin (Ağdam stansiyası istisna olmaqla) 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.”

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 13.03.2021-ci il tarixli 2534 nömrəli Sərəncamına əsasən başlanılıb. Ox üzrə uzunluğu 110,4 km-dir, yan yollarla birlikdə 140,6 km-dir. Dəmir yolu tək xətlidir və tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Layihə çərçivəsində ümumilikdə 491 ədəd mühəndis qurğusunun, 8 stansiyanın (Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) və 70 yoldəyişən qurğunun tikintisi planlaşdırılır.

Layihənin birinci mərhələsi üzrə Horadiz, Yuxarı mərcanlı və Şükürbəyli stansiyalarını əhatə edən 30 km yolda nəzərdə tutulan tikinti işlərinin artıq 89% tamamlanıb.

Dəmir yolu xəttinin layihələndirilməsi 81% yerinə yetirilib. Hazırda tikinti üzrə ümumi tərəqqi 43% təşkil edir. Dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir.

Dəmir yolu xəttinin ox üzrə 66,05 km hissəsi (yan yollarla birlikdə 71.4 km) tamamlanıb, uzunölçülü relslərin 46,4 km-i quraşdırılıb.  Hazırda km 68-86 aralığında torpaq işləri və mühəndis qurğularının tikintisi işləri davam edir.

Layihənin 2025-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.

Xaçmaz-Quba-Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi

Prezident İlham Əliyevin 28 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən Xaçmaz-Quba-Şahdağ dəmir yolunun layihələndirilməsi işləri aparılır. Yolun açılmış uzunluğu 61,2 kilometr təşkil edir. Layihələndirilmə işləri yekunlaşdırılmaq üzrədir.

Güzdək–Qaradağ dəmir yolu xəttinin tikintisi

Güzdək–Qaradağ (20-ci sahə) dəmir yolunun uzunluğu ox üzrə 35,77 kilometr, yan yollar ilə birlikdə isə 80,9 kilometr təşkil edir. Güzdək-Qaradağ layihəsi çərçivəsində 14,56 kilometr uzunluğunda yol yatağı və 2,42 kilometr dəmir yolu xətti tikilib. Ümumilikdə layihə üzrə 63 ədəd mühəndis qurğularının salınması nəzərdə tutulub. Belə ki, bu yolda 2 stansiya, 2 körpü, 5 heyvan keçidi, 4 avtomobil keçidi, 5 piyada alt keçidi, 4 ehtiyat keçidi, 43 suötürücü boru tikiləcək.

1963-cü ildən işləyən yol sonradan istismar üçün yararsız vəziyyətə düşüb və uzun müddət istifadəsiz qalıb. Yeni layihəyə əsasən yol tamamilə sökülərək genişləndirilir və hər iki istiqamətdə qatarların hərəkətinə imkan verən cütyollu xətt salınır. Bu xətt yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaətə, ən əsası şimal və cənubdan gələn yüklərin Abşeron yarımadasına daxil olmadan nəql edilməsinə şərait yaradacaq.

Məlumatların son yenilənmə tarixi: 14.09.2023