Təhlükəsizlik

Dəmir yollarında mühafizə tədbirləri

Dəmiryol xidmətlərindən istifadə edən və dəmir yolu ərazisində olan şəxşlərin təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan Dəmir Yolları” QSC-nin başlıca vəzifələrindəndir.

Həmçinin ADY-nin struktur qurumlarında, ayrı-ayrı ərazi və sahələrində obyektlərin, qatarların və dəmir yolu ilə daşınan yüklərin mühafizəsi təmin edilir.  ADY-nin idarə və müəssisələrinin inzibati binalarında, mühüm əhəmiyyətli məntəqə və keçidlərində nəzarət-buraxılış rejimi və obyektdaxili rejim həyata keçirilir. Dəmir yolu ərazilərində dəmiryolçuların və kənar şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilir.

Mülki müdafiə və fövqəladə hallarla mübarizə

ADY-nin stansiyalarının, məntəqələrinin, müəssisələrinin, ərazi və sahələrinin, o cümlədən obyektlərin, yüklərin və hərəkət tərkiblərinin yanğından mühafizəsi və mülki müdafiə ilə bağlı tədbirlər görülür.

ADY-nin tərkibində fəaliyyət göstərən Mülki Müdafiə şöbəsi Cəmiyyətin illik mülki müdafiə tədbirlər planına əsasən təlim-tədris məşğələlərinin keçirilməsinə, Cəmiyyətin tabeliyində olan müəssisələrdə işçilərin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə mövcud kollektiv mühafizə qurğularının yararlı vəziyyətə gətirilməsini və işçilərin təxliyyəsi üçün müvafiq tədbirlərin görülməsini həyata keçirir.

ADY-nin xüsusi qatarları həm dəmir yollarında, həm onların yaxınlığında yanğınlarla mübarizə aparır. Hazırda su nasos stansiyası və digər müasir avadanlıqla təchiz edilən 10 ədəd yanğından mühafizə qatarı işləyir. Ölkənin müxtəlif regionlarında yerləşən bu qatarların sayının artırılması planlaşdırılır.

Həmçinin qatarların iştirakı ilə baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması və lokallaşdırılması məqsədilə Fövqəladə Hallar Qatarı İdarəsi fəaliyyət göstərir. İdarə 6 ədəd fövqəladə hallar qatarı, 10 dəmiryol kranı və 2 avtokran, 5 ekskavator, müxtəlif tipli traktorlar, özüboşalan yük avtomobilləri və digər texnika ilə təchiz edilib.

Hərəkətin təhlükəsizliyi

ADY dəmir yolu ərazisindən keçən şəxşlər üçün təhlükəsiz şərait təmin etmək məqsədi ilə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bunun üçün yolötürücüləri, keçid körpüləri, tunellər, xəbərdaredici siqnalizasiya sistemi quraşdırılır və təhlükəli ərazilər çəpərlənir. 

O cümlədən Abşeron dairəvi xətti ilə qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə xətt üzərində 12 yeraltı avtomobil tuneli, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə sistemi yenidən qurulub. Eyni zamanda xətt üzrə 110 kilometr yol daş və metal torlarla çəpərlənib.

Dəmiryol nəqliyyatında davranış qaydaları ilə bu keçid vasitəsilə tanış olmaq olar.