Səhiyyə

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin sərbəst fəaliyyət dövrü Azərbaycan Dəmir Yolunun 1955-ci ildə SSRİ Yollar Nazirliyi tərəfindən Zaqafqaziya (Cənubi Qafqaz) dəmir yolunun tərkibindən çıxarılaraq müstəqil dəmir yolu elan edildiyi zamana təsadüf edir.

Xidmət 1 iyul 1996-cı il tarixində Azərbaycan Dəmir Yolu Həkim-Sanitar Xidməti kimi qeydiyyata alınmış, 25 iyun 2011-ci il tarixində Nizamnaməsinə dəyişikliklər edilmiş və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidməti (HSX) adı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

Həkim-Sanitar Xidmətinin tibb müəssisələrinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

01.

Dəmir yolu nəqliyyatında qatarların hərəkəti ilə bağlı peşə və vəzifələrə işçilərin tibbi seçimini həyata keçirir. Qatarların hərəkəti ilə bağlı peşə və vəzifələrə işə yeni qəbul olunan, işləyən, həmçinin hərəkətlə bağlı bir peşədən (vəzifədən) digər peşəyə (vəzifəyə) keçirilən işçilər, peşə yararlılıqlarının təyin olunması məqsədilə işə qəbul olunarkən – ilkin, işlədiyi müddət ərzində isə vaxtaşırı olaraq tibbi şəhadətləndirilmədən keçirlər. İşçilərin ilkin və dövri tibbi şəhadətləndirmələri – dəmir yolu müalicə-profilaktika müəssisələrində bu məqsədlə yaradılmış Həkim-Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

02.

Lokomotiv briqadası işçilərinin (lokomotivlərin və motorvaqon hərəkətli tərkibin maşinist və maşinist köməkçiləri) məcburi reysqabağı müayinələrini həyata keçirir. MPM-nin tibb məntəqələrində lokomotiv briqadası işçilərinin fiziki, psixoemosional, zəruri halda psixoloji göstəricilərinin kompleks qiymətləndirilməsi əsasında işçilər reysə buraxılır yaxud reysdən kənarlaşdırılırlar (əmək qabiliyyətinin olmaması və ya aşağı olması halında).

03.

Dəmiryolçuların sağlamlığının mühafizəsi, həmçinin onların əmək qabiliyyətlərinin və peşə uzunömürlülüklərinin qorunub saxlanması məqsədilə stasionar və ambulator tibbi yardım göstərir.

04.

Dəmir yolu ərazisində yerləşən obyektlərdə, eləcə də yolun tabeliyində olan idarə və müəssisələrdə sanitar-gigiyenik və əks-epidemik tədbirləri həyata keçirir:

–             dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparır;

–             dəmir yolu ilə idxal və ixrac olunan yüklərə sanitar-karantin nəzarəti icra edir;

–             xüsusi təhlükəli xəstəliklərin yayılmasına epidemioloji nəzarət edir;

–             iş yerlərinin attestasiyası komissiyasının işində iştirak edir;

–             müvafiq zəruri hallar zamanı qatar heyəti tərəfindən, həmçinin tibb məntəqələrində sərnişinlərə ilkin tibbi yardımın göstərilməsi məsələlərini təşkil və təmin edir.

Müəssisələrin siyahısı

HSX-nin tərkibinə hazırda 9 müalicə-profilaktika və 2 sanitar – epidemioloji müəssisə olmaqla, ümumilikdə 11 tibb müəssisəsi daxildir. Xidmət və onun tabeliyində olan tibb müəssisələrində 407 nəfər həkim, 523 nəfər orta tibb personalı olmaqla cəmi 1411 nəfər işçi calışır. HSX-nin müalicə-profilaktika müəssisələri (MPM) – 5 xəstəxana, 2 poliklinika, 2 sanitar-epidemioloji müəssisə və 2 ambulatoriyadan ibarət olub, strukturunda 22 tibb məntəqəsi fəaliyyət göstərir.

 

Həkim-Sanitar Xidmətinin tibb müəssisələri:

  • 1. Mərkəzi Dəmiryol Xəstəxanası
  • 2. Bakı Dəmiryol Xəstəxanası
  • 3. Gəncə Dəmiryol Xəstəxanası
  • 4. İmişli Dəmiryol Xəstəxanası
  • 5. Ələt Dəmiryol Xəstəxanası
  • 6. 1 №-li Bakı Dəmiryol Poliklinikası
  • 7. 2 №-li Bakı Dəmiryol Poliklinikası
  • 8. Xaçmaz Dəmiryol Ambulatoriyası
  • 9. Hacıqabul Dəmiryol Ambulatoriyası
  • 10. Yol Gigiyena-Epidemiologiya Mərkəzi (Yol GEM)
  • 11. Yol Sanitar-Karantin Müfəttişliyi (Yol SKM)

COVID-19

Koronavirus infeksiyasına qarşı tədbirlər 2020-ci ilin yanvar ayının ilk ongünlüyündən həyata keçirilir. Səhmdar Cəmiyyətin 30 yanvar 2020-ci il tarixli əmri ilə bütün struktur bölmələrinin vəzifələri və görülməli tədbirlər müəyyən edilmişdir. 2020-ci ilin fevral ayının sonunda “Azərbaycan Dəmir Yolları” QSC-nin qərargahı yaradılıb və müvafiq qaynar xətt fəaliyyətə başlayıb.

Əks-epidemik və profilaktik tədbirlər Yol Gigiyena və Epidemiologiya Mərkəzi və Yol Sanitar-Karantin Müfəttişliyi tərəfindən həyata keçirilir. Tibb işçilərindən ibarət 17 briqada fəaliyyət göstərir (o cümlədən 6 dezinfeksiya briqadası). Bütün dəmiryol strukturları və qatar briqadaları mərkəzləşdirilmiş qaydada dezinfeksiyaedici maddələr, qoruyucu vasitələr (tibbi maska, birdəfəlik əlcək, eynək, dispenserlər və s.) və digər profilaktik vasitələrlə (termovizorlar, kontaktsız termometrlər) ilə təchiz edilib.

Sərnişin və yük qatarları, stansiyalar, dəmir yolu müəssisələri və inzibati binalarda dezinfeksiya işləri aparılır.

2020-ci ilin mart ayının ilk günlərindən başlayaraq Rеspublikаya daxil olan bütün yük qatarlarının Astara, Yalama və Böyük-Kəsik sərhəd-keçid stansiyalarında başdan-başa dezinfeksiyası təşkil edilib.

2020-ci ilin martından 2021-ci ilin aprel ayına qədər keçən 1 il ərzində Azərbaycan dəmir yollarında ümumilikdə 60 milyon kvadrat metr ərazi dezinfeksiya olunub.

2021-ci ilin fevral ayından başlayaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeçiliyində olan tibb müəssisələrinin əməkdaşlarının və digər dəmiryol kontingentinin koronavirus xəstəliyinə qarşı peyvənd olunması aparılır. Vaksinasiya prosesi işçilərin qeydiyyatda olduqları sahə poliklinikalarında, həmçinin müvafiq modul tipli vaksinasiya mərkəzlərində həyata keçirilir.