Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) sahəsi “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) prioritet istiqamətlərindəndir. Son illər ADY-də əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülüb və zəruri tədbirlər həyata keçirilib.
Dəmiryol nəqliyyatının inkişafı istiqamətində reallaşdırılan layihələr və aparılan islahatlar çərçivəsində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalatda zərərli faktorların azaldılması və ətraf mühitə mənfi təsirlərin minimallaşdırılmasını təmin edən səmərəli tədbirlər həyata keçirilir. Bununla bağlı müasir tələblərə cavab verən texniki-normativ bazanın yaradılması və təkmilləşdirilməsi aktual olmuşdur. Bu məqsədlə qanunvericiliyin tələblərinə müvafiq olaraq işçilərin sağlamlığının qorunması üçün əməyin təhlükəsizliyi sahəsində risklərin qiymətləndirilməsi, istehsalat xəsarəti və peşə xəstəliklərinin profilaktik metodlarının və ekoloji pozuntuların qarşısının alınması istiqamətində preventiv tədbirlərin həyata keçirilməsi prosesi davam etdirilməkdədir.
Peşə sağlamlığı və əməyin mühafizəsi
ADY-nin strukturuna daxil olan qurumlarda əməyin mühafizəsi kabineti, sanitariya laboratoriyası, SƏTƏM üzrə mütəxəssislərin vəzifələri, SƏTƏM kitabçası, SƏTƏM plakatları, SƏTƏM mədəniyyəti, əməyin mühafizəsi üzrə giriş təlimatının konspekti, əməyin mühafizəsi üzrə risklərin müəyyən olunması, qiymətləndirilməsi və minumuma endirilməsi üçün metodologiya, Fövqəladə Hallar Qatarı İdarəsi işçiləri üçün əməyin mühafizəsinə dair təlimat və digər texniki-normativ sənədlər hazırlanaraq tətbiq edilib.
Peşə sağlamlığı və əməyin təhlükəsizliyinə dair risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və preventiv tədbirlərin icrası prosesi davam etdirilməkdədir.
İşçi personalının biliklərinin artırılması tədbirləri çərçivəsində hazırlanmış daxili təlimçilər tərəfindən birbaşa istehsalatda çalışan işçilərə ilk yardım və SƏTƏM təlimlərinin keçirilməsi davam etdirilir. Həmçinin SƏTƏM üzrə mütəxəssislər ilkin və dövrü olaraq təlim-tədris kurslarında öyrədilərək bilikləri yoxlanılır və onlara müvafiq sertifikatlar verilir.
İstehsalat prosesində ehtimal olunan hadisələr zamanı zərərçəkənə ilk yardımın göstərilməsi metodlarının öyrədilməsi, qəzaların minimallaşdırılması və işçilərin təhlükəsizlik qaydalarına riayət edərək özlərinin və əməkdaşlarının həyatını təhlükəyə atmadan təhlükəsiz mühitdə çalışmaları üçün dəmiryol qovşaqlarında daxili təlimçilər tərəfindən 7 mindən artıq əməkdaşa “İlk yardım” və “SƏTƏM” təlimləri keçirilib. Əməyin mühafizəsi, texniki təhlükəsizlik norma və qaydalarının öyrənilməsi üzrə tədris kurslarında təlim keçmiş aidiyyəti mühəndislər istehsalatda təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi üçün xidməti heyətlərin biliklərinin yoxlanılmasını həyata keçirirlər.
Yeni qəbul olunmuş işçilər adaptasiya proqramı çərçivəsində SƏTƏM üzrə təlimatlandırılırlar.
Əmək şəraitinin yaxşılaşdırılması istiqamətində istehsalat sahələrinin işçiləri xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələrlə təmin edilir.
Hal-hazırda ADY-də korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində baş verən innovativ dəyişikliklərlə bağlı əmək şəraitinin qiymətləndirilməsi, işçilərin sağlamlığına təsir göstərən zərərli və ağır olan iş yerlərinin attestasiyasının keçirilməsi ən vacib məsələlərdən biri olaraq davam etdirilir.
ADY-də qanunvericiliklə müəyyən edilmiş əmək şəraiti normalarına uyğun təhlükəsiz və sağlam iş mühitinin təmin edilməsi üzrə beynəlxalq standartlara inteqrasiya prosesinə başlanılıb. İlkin olaraq Yanacaq və enerji resurslarının idarə edilməsi departamentində peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemində İSO 45001 standartının tətbiqi və sertifikatlaşdırılması başa çatdırılıb.
Ətraf mühitin mühafizəsi
Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində struktur qurumların fəaliyyətinə dair qanunvericiliklə tələb olunan “Ekoloji Pasport”, “Atıla bilən tullantı həddi (ABTH)”, “Buraxıla bilən axıntı həddi (BBAH)”, “Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması” normativ texniki sənədləri hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi ilə razılaşdırılır, qeydiyyata alınır və təsdiq olunur.
Ətraf mühitin qorunması işinin təşkili, təbiətin mühafizəsi sahəsində qanunvericiliyə riayət olunması, atmosfer havasına buraxılan zərərli maddələrin həddinə və bununla bağlı yanacaq-enerji resurslarının səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi sahəsində ekoloji menecment və sənaye təhlükəsizliyi sisteminin tətbiq edilməsi məqsədilə ADY-nin 2030-cu ilədək “Ekoloji Strategiyası” müəyyən olunub:
Stasionar və səyyari mənbələrdən atmosferə buraxılan zərərli maddələrin, o cümlədən istilik effekti yaradan qazların emissiyasının azaldılması
Dəmir yolunun sanitar-mühafizə zonalarında yaşıllıq zolaqlarının artırılması, yaşayış məntəqələrinin ərazilərindən keçən baş dəmiryol xətlərinin kənarlarında səsboğucu lövhələrin quraşdırılması və titrəyişin azaldılması üçün uzunölçülü calaqsız relslərin tətbiqinin genişləndirilməsi
Suyun qənaətli istifadəsi, istehsalatda əmələ gələn çirkab suların mütəşəkkil idarə edilməsi
İstehsalat fəaliyyətinin torpağa neqativ təsirinin qarşısının alınması və çirklənməsinin nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi
Tullantıların əlavə xammal mənbəyi kimi təsərrüfat dövriyyəsində təkrar istifadə edilməsi, istifadəsində və zərərsizləşdirilməsində innovativ texnologiyaların tətbiqi və mütləq uçotunun aparılması
Enerji resurslarının səmərəli istifadəsi, alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi və texnoloji proseslərdə material istehlakının azaldılması
Ekoloji idarəetmə sistemində vahid korporativ prinsiplərin və normaların tətbiqi
Təbiətin mühafizəsində iqtisadi səmərəliliyin artırılması üçün ətraf mühitin qorunması tədbirlərinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırması, tullantıların təbii mühitə və əhalinin sağlamlığına zərərli təsirlərinin qarşısının alınması və bu sahədə təşkilati-texniki tədbirlərin həyata keçirilməsi