Vətən müharibəsində qazanılan tarixi zəfərə dəmiryolçuların töhfəsi (2020)
Vətən müharibəsi dövründə gücləndirilmiş iş rejimində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC ölkənin ərazi bütövlüyünün bərpa edilməsində əhəmiyyətli rol oynadı. 44 gün davam edən müharibə ərzində dəmiryolçular cəbhəboyu zonada yerləşən stansiyalara və geriyə müxtəlif yüklər, o cümlədən hərbi texnika, qida məhsulları və yanacaq daşıyıblar. Düşmənin qənimət götürülmüş texnikaları da Bakıya dəmir yolları ilə gətirilib. Gecə-gündüz fədakarlıqla çalışan polad magistral əməkçiləri özlərinə bir şüarı rəhbər tutmuşdurlar: “Vaxtında cəbhəyə çatdırılan hər bir qatar düşmənə vurulmuş ağır zərbədir!”
Cəsarət təcəssümü olan Vətən müharibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin 300-ə yaxın əməkdaşı döyüşüb, onlardan 125 nəfər müxtəlif medallarla təltif edilib. Dörd dəmiryolçumuz şəhidlik zirvəsinə ucalıb.
Birinci Qarabağ müharibəsinin dəmiryolçu qəhrəmanları (1991-1994)
Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının müdafiəsində dəmiryolçular layiqli iştirak edib. Yüzlərlə dəmiryolçu cəbhəyə yollanaraq düşmənlə üz-üzə vuruşub. Həmçinin dəmir yollarına məxsus sanitar qatarları yaralıları ən ağır cəbhə bölgələrindən çıxararaq onlara tibbi yardım göstərib.
Birinci Qarabağ müharibəsi zamanı 70-dən çox dəmiryolçu şəhadət zirvəsinə ucalıb.
Cəsur dəmiryolçulardan Yunis Nəcəfov Azərbaycanın ən ali fəxri adına – Milli Qəhrəman adına layiq görülüb.
Biləcəri Dəmir Yolu İdarəsində mühəndis vəzifəsində işləmiş Yunis eyni zamanda sambo idman növü ilə ciddi məşğul olub.
1991-ci ildə könüllü olaraq Azərbaycan Ordusunun sıralarına yazılıb və bölük komandiri vəzifəsində Kərkicahan, Malıbəyli döyüşlərində, Şuşanın müdafiəsində, Kəlbəcər uğrunda döyüşlərdə iştirak edib.
1992-ci il avqustun 24-də Vəng kəndinin azad edilməsində böyük rəşadət göstərərək həlak olub.
Faşizm üzərində qələbədə dəmiryolçuların rolu (1941-1945)
Azərbaycan dəmir yolları alman-sovet müharibəsi dövründə faşizm üzərində qələbəyə böyük töhfə verdi. 1941–1945-ci illərdə Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqon yük cəbhəyə göndərildi.
SSRİ-nin işğal edilmiş ərazilərindən təxliyə olunmuş zavod və fabriklərin, eləcə də qaçqınların ölkənin ucqarlarına çatdırılmasında, eləcə də canlı qüvvənin cəbhə bölgəsinə daşınmasında Azərbaycan dəmir yolları mühüm rol oynadı. Azərbaycan lend-lizin (Qərb dövlətlərinin SSRİ-yə göstərdikləri hərbi yardım siyasəti) Transiran marşrutunda əsas logistika mərkəzi olduğundan buradan çoxlu sayda texnika, silah-sursat, strateji xarakterli xammal, ərzaq və sənaye məhsulları daşınırdı.
Vətənin ərazi bütövlüyü uğrunda canından keçən dəmiryolçuların xatirəsini Azərbaycan xalqı hər zaman əziz tutacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!