13 İyun 2024

ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. O cümlədən sərnişindaşıma xidmətinin təhlükəsiz, rahat və vaxtında təmin edilməsi istiqamətində əlavə tədbirlər planı həyata keçiriləcək.

Qeyri-iş günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə əlavə 12 qatar reysi təyin edilir.

Marşrut üzrə təyin edilmiş qatarlar 14, 15, 17, 18 və 19 iyun tarixlərində hər iki istiqamətdə, 16 iyun tarixində isə bir istiqamətdə – Bakıdan Ağstafaya hərəkətdə olacaq.

Bununla yanaşı, 14 iyundan etibarən Bakı–Ağstafa–Bakı marşrutu üzrə müasir və komfortlu yeni “Stadler” qatarları hərəkətə başlayacaq.  Sürətli qatarlar hər gün Bakıdan Ağstafaya saat 08:00 və saat 18:00-da, Ağstafadan Bakıya isə saat 08:20 və saat 18:20-də yola düşəcək. Həmçinin yeni qatarlara ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında da dayanacaq verilir.

Eyni zamanda Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həm şənbə, həm də bazar günləri Bakıdan Qəbələyə və əks istiqamətdə hərəkətdə olacaq.

Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar bayramda istirahət günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.