27 Sentyabr 2023

ADY-də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib

ADY-də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib

“Azərbaycan Dəmir Yolları” QSC-də 27 sentyabr - Anım Günü ilə əlaqədar şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.

ADY əməkdaşları şəhidlərimizin ailə üzvləri ilə birlikdə Bakı, Gəncə, Ağstafa və Culfada dəmiryolçu şəhidlərin məzarlarını ziyarət ediblər. ADY-nin inzibati binasında şəhidlərin xatirəsinə həsr edilmiş guşənin qarşısına gül dəstələri qoyulub, şəhid qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım Günü ilə bağlı tədbirlər planı çərçivəsində QSC-nin sədri Rövşən Rüstəmov və qurumun əməkdaşları Zəfər parkında olub, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə gül dəstələri qoyublar.

Qəhrəman əsgər və zabitlərimizin bizə böyük zəfər bəxş etdiyi Vətən müharibəsində ADY-nin 300-ə yaxın əməkdaşı döyüşüb, onlardan 125 nəfəri müxtəlif medallarla təltif edilib. Ümumilikdə I Qarabağ müharibəsində 79, Vətən müharibəsində isə dörd dəmiryolçumuz şəhid olub.

Dəmiryolçular hər zaman ön sıralarda olublar. İstər zirehli texnikanın, ərzaq məhsullarının vaxtında və təhlükəsiz cəbhə bölgəsinə çatdırılmasında, istər hərbi qənimətlərin paytaxta danışmasında, istərsə də ümumi səfərbərlik çərçivəsində dəmiryolçuların danılmaz xidmətləri var.