28 Mart 2024

ADY əməkdaşlarının böhran vəziyyətinin idarə olunması üzrə bacarıqları təkmilləşdirilir

ADY əməkdaşlarının böhran vəziyyətinin idarə olunması üzrə bacarıqları təkmilləşdirilir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə Biləcəri Yuyucu-Buxarlayıcı sahəsində dəmir yolu nəqliyyatında “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda növbəti praktiki təlim keçirib.

Təlimin mövzusu təbii fəlakətlər, yanğın və istehsalatda baş verən qəzalar zamanı xilasetmə işləri, o cümlədən təxirəsalınmaz tibbi yardımın göstərilməsi sahələrində əməkdaşların praktiki vərdişlərinin təkmilləşdirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsidir.

Təlimdə ADY-nin mülki müdafiə qüvvələri, 2 yanğınsöndürən qatarı və müvafiq nəqliyyat vasitələri, o cümlədən FHN-in Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyəti cəlb olunub.

Biləcəri Yuyucu-Buxarlayıcı sahəsində yarım gün davam edən təlimdə müxtəlif fövqəladə hallar üzrə simulyasiyalar təşkil olunub, əməkdaşların böhran vəziyyətində çevik davranışları qiymətləndirilib.

Qeyd edək ki, təhlükəsiz və etibarlı daşıma xidmətləri göstərməklə ADY Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsinə töhfə verməyi hədəfləyir. Bu baxımdan ADY sərnişin və yük daşımalarında təhlükəsizliyə ciddi önəm verir, risklərin idarəedilməsi prosedurlarını uğurla icra edir, bütün maraqlı tərəflərlə birgə layihələr həyata keçirir.